“Gülənçi”lər məhkəmə zalından azad edildi, çıxarkən arxa qapıdan oğurlandı

Bakıda “Gülənçi” ittihamı ilə həbs edilmiş 2 nəfər Türkiyə vətəndaşı məhkəmədə bəraət alsa da, məhkəmədən çıxanda qaçırılıblar. Bu barədə Türkiyə mediasında xəbər yayılıb.

Xəbərdə deyilir ki, Türkiyədə dövlət çevrilişinə cəhd təşkil etməkdə suçlanan, Amerikada yaşayan ruhani Fətullah Gülənin “hizmet hərəkatı” üzvləri kimi həbs edilmiş Ayhan Seferoğlu və Erdoğan Taylan mühakimə üçün Nərimanov rayonunda məhkəmə qarşısına çıxarılıb. Hakim Ramin Quliyevin sədrliyi ilə keçən məhkəmədə hər 2 şəxs barəsində həbs qərarının ləğvi və məhkəmə zalından azadlığa buraxılmaları qərarı çıxarılıb. Lakin onları məhkəmədən çıxanda arxa qapıdan qaçırıblar.

Hadisə fevralın 19-da baş verib.

Yaxınları hazırda onların taleyindən xəbərsizdir. Ayhan Seferoğlunun həyat yoldaşı “Allah rizası üçün yardım edin. 3 uşağım pərişan halda gözləyir. Erdoğan abimizin də 4 uşağı var. Onlar da eyni durumdadır”, – deyə yarım istəyib.

Xəbəri yayan Türkiyə saytları bu işin arxasında Ərdoğan hökumətinə bağlı qrup və ya şəxlərin dura biləcəyini qeyd edir. Onların yazdığına görə, Türkiyədən kənardakı “Gülənçilərin” oğurlanaraq Türkiyəyə aparıldığına dair iddiaların dolaşdığı vaxtda belə hadisənin yaşanması şübhələr doğurur.