Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilmədi

Bu gün Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb.

Apellyasiya şikayəti təmin edilməyib.

Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. Hər iki orqandan cavab gəlib. DSX-nın İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün gömrük komitəsinə müraciət olunmalıdır. Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınmışdı: «Amma biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, DSX 2012-ci ildə avadanlıq alıb. O avadanlıqlar görüntüləri saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib».

G.Bayramlı özü isə həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayıb: «Heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq».

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

azadliq.info