Gəncə məhbusu dünyasını dəyişdi

Gəncə məhbusu Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.

 

Bu barədə vetenugrunda.az-a onun həyat yoldaşı məlumat verib: "Gecə saat 1-də Pentensiar Xidmətdən baldızımın oğluna zəng vurublar ki, Aydın Qurbanov rəhmətə getdi, gəlin cənazəsini aparın".

 

Qeyd edək ki, Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib. Məhbubə Qurbanova deyir ki, ona istintaq zamanı dəhşətli işgəncələr verilib: "Aydın çox sağlam adam idi. Ona o qədər "tok" vermişdilər ki, həbs ediləndən 10 ay sonra görüşəndə tanıya bilmədim. Əlləri əsirdi, qupquru qurumuşdu. Məlum oldu ki, mədə xərçəngi yaranıb Aydında. Bütün bunlar işgəncələrin, günlərlə ac-sussuz qalmağın nəticəsi idi.

 

Aydın Gəncədə adicə makler işləyirdi. Amma onu istintaqda döyüb guya Yunis Səfərovun terror qruplaşmasını maliyyələşdirdiyini boynuna qoymaq istəyirdilər. Günlərlə ac-sussuz saxladılar, döydülər".

 

Xatırladaq ki, Aydın Qurbanovun iki övladı var. Oğlu atası həbs edilməzdən öncə Gəncə Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş: "Aydın ailənin yeganə qazanc gətirəni idi. O, həbs edildikdən sonra oğlum da oxuduğu universitetdən uzaqlaşmaq məcburiyyətində qaldı. İndi o, ofsiant işləyir ki, evə qazanc gətirsin. Üstəlik, 5 ildir ki, ipoteka ilə aldığımız mənzildən çıxarıldıq. 5 ildir ki, hər ay 385 manat pul köçürdüyümüz mənzildən çıxarıldıq. İndi kirayədə yaşayırıq".