Gənc fəallara Əfqan Muxtarlı ilə görüşə icazə verilməyib

İyunun 24-ü gənc fəalları Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşə buraxmayıblar.

Bu barədə AzadlıqRadiosuna gənc fəal Samir Əsədli xəbər verib.

Onun sözlərinə görə, bir neçə başqa gənc fəalla birgə Əfqan Muxtarlı ilə görüşə gediblər.

“Əfqan Muxtarlının ailəsi bizə onunla görüşmək, ərzaq, dava-dərman aparmağımız üçün etibarnamə verib. Bu etibarnamə bizə tam olaraq görüş hüququ verir. Ancaq yenə də bizi görüşə buraxmadılar ”, S.Əsədli bildirib.

O, ötən həftə sonunda da Bakı İstintaq Təcridxanasına getdiklərini, ancaq görüşə buraxılmadıqlarını xatırladıb.

Məktub yetişməyib

“Təcridxana deyirdi ki, istintaqı aparan müstəntiq məktub verməlidir. Müstəntiq deyir, görüşə icazə üçün təcridxanaya məktub göndərmişik. İndi də təcridxanadan deyirlər ki, məktub gəlməyib, ona görə də görüş vermirik”.

S.Əsədli Ə.Muxtarlıya apardıqları elektrik qızdırıcısının da qəbul edilmədiyini söyləyib.

Gənclərin açıqlamasına, hələlik, 1 saylı Bakı İstintaq Təcridxanasının münasibətini almaq mümkün olmayıb.