EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Gəncə Dram Teatrının rejissoru: “Binamız soyuqdur, təmirsizdir, amma...”

Gəncə Dram Teatrının rejissoru: “Binamız soyuqdur, təmirsizdir, amma...”

Gəncə Dram Teatrının soyuq və təmirsiz binasında Cəfər Cabbarlının "Dönüş" pyesi oynanılır. Zalda oturacaqların çoxu boşdur. 
 
Əsər Moskvada oxuyub Azərbaycana qayıdan gənc Gülsabahın teatr kollektivini yeni və müasir repertuar, möhkəm nizam-intizam uğrunda mübarizəyə çağırmasından bəhs edir. Ancaq teatrdakı qruplaşmalar buna imkan vermir.
 
 
Maraqlıdır, görəsən tamaşanı hazırlayan Gəncə Dram Teatrında vəziyyət necədir? Repertuar yenidirmi, müasirdirmi? 
 
Tamaşalara maraq varmı?
 
Teatrın baş rejissoru İradə Gözəlova tamaşaçı gəlmədiyindən bəzən tamaşaların oynanmadığını bildirir: "Teatrın repertuarında 20-dən çox tamaşa var. Tamaşaçı problemi olduğuna görə elə aylar olur ki, oynamırıq. Həftədə 4 tamaşa nəzərdə tutulur, amma tamaşaçı gəlmir”.
 
 
Teatrın keçmiş aktyoru Rauf Hüseynovun sözlərinə görə, vaxtilə Gəncədən Adil İsgəndərov, Mehdi Məmmədov kimi "sütun sayılacaq sənətkarlar” çıxsa da, vəziyyət indi fərqlidir: "Cavanlar var ki, Siyavuş Aslanı soruşursan tanımırlar".
 
 
Problem teatrdadır, yoxsa tamaşaçıda?
 
Rejissor İradə Gözəlovanın fikrincə, teatrın təbliği zəifdir: "Afişalar gec-gec təzələnir. İnstagram səhifəsini də mən özüm açmışam. Bu barədə direktorla dəfələrlə danışmışıq. Ancaq reklam üçün maliyyə lazımdır”.
 
 
Aktyor Rauf Hüseynov da teatra yetərli sayda tamaşaçının gəlməməsini reklam işinin zəif olmasıyla əlaqələndirir. O hesab edir ki, tamaşaların afişaları şəhərdə, sosial şəbəkələrdə tez-tez paylaşılmalıdır ki, insanların bundan xəbəri olsun.
 
 
"Bəzi insanların heç dram teatrın fəaliyyət göstərdiyindən xəbəri yoxdur. Eyni zamanda aktyorlar arasında fikir ayrılıqları, qruplaşmalar da tamaşanın keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilir”, - aktyor bildirir.
 
Gəncəlilərin dediklərindən...
 
Şəhər sakinlərinin bəziləri teatra getməmələrini iqtisadi və sosial problemlərin çox olması ilə əlaqələndirirlər. 
 
 
58 yaşlı Əhməd Məmmədov deyir ki, teatra-kinoya ayıracaq vaxtı yoxdur, gündə 12 saat işləmək məcburiyyətindədir: "Camaat səhərdən axşama kimi işləyir ki, bir tikə çörək pulu qazansın. Gedib teatrda otursam işdən qalacam. Qabaqlar, sovet hökümətinin vaxtında şənbə-bazar günləri boş idi, camaat da ailəsini götürüb gedirdi teatra, konsertə”.      
 
 
36 yaşlı Elvin Quliyev teatra sonuncu dəfə nə vaxt getdiyini xatırlamaqda çətinlik çəkir: "Teatra təxminən 10-15 il bundan əvvəl getmişəm, dəqiq xatırlamıram”.  
 
21 yaşlı Fərəh Qasımova teatrın qapısını həmişə bağlı olduğunu söyləyir: "Teatrın əsas giriş qapısı nə vaxt gedirəm bağlıdır. İnternetdə də hazırki repertuar haqda bir məlumat tapa bilmirəm. Ya da mənim rastıma çıxmır”.
 
Gənc nəslin içərisində Gəncə Dram Teatrına getməmiş, onun qapısının hardan açıldığını bilməyənlər az deyil, xüsusən də 20 yaşına çatmayan cavanlar üçün teatr maraqsız yerdir. Bu, qısa sorğuda gəlinən qənaətdir. 
 
 
Yeni binaya bağlanan ümidlər...
 
Teatrın quruluşcu rəssamı Mirzə Mehdi Hüseynov məktəb vaxtı müəllimlərinin hər şənbə onları teatra apardığını, tamaşaları çox maraqla izlədiklərini xatırlayır. O, tamaşaçının indi teatra gəlməməsinə az qala haqq verir: "Son dövrlərdə teatrın vəziyyəti çox acınacaqlı idi”.
 
 
Ancaq quruluşçu rəssam ümidsizliyə qapılmır, Gəncə Dram Teatrının yeni binasına tamaşaçının ayaq açacağına inanır: "Artıq yeni tikilən teatrın binasında 3D səhnə, işiq effektləri və yeni repertuarlar olacaq”.
 
Hələliksə məşqlər də, tamaşalar da soyuq və təmirsiz binada oynanır. Rejissor İradə Gözəlova deyir: "Binamız soyuqdur və təmirsizdir, amma ürəyimiz istidir, ürəyimizdə ümid var. Yeni binamıza köçməyi səbirsizliklə gözləyirik”.
 

Facebook