General oğlunu cəzalandıran yol polisinə vəzifə verildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib. O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.

Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır.

Avtosfer.az yazır ki, dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq üzərinə düşən vəzifəni yerinə yetirərək məhkəməyə tutarlı faktlar təqdim edib.

General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

"Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxarı instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb" - saytın məlumatında bildirilir.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.