"General dedi ki, istəsən də, istəməsən də evindən silah çıxardacayıq" - Nardaran işi 2

Avqustun 25-də "Nardaran işi" üzrə təqsirləndirilən Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alışov, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramovun sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib. İlk öncə Tural Allahverdiyev şahid qismində sualları cavablandırıb. O, təqsirləndirilənlərin çoxunu tanıdığını, hazırda Qobustan həbsxanasında cəza çəkən Abbas Hüseynovla isə dostluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, 2015-ci il 9 noyabrda təqsirləndirilən Elçin Qasımovun saxlanılmasından sonra Sabunçu rayon polis idarəsinin qarşısına gedib, orada səhərə qədər saxlanıldıqdan sonra buraxılıb. T.Allahverdiyev Tale Bağırzadənin və Elçin Qasımovun moizələrində iştirak etdiyini, onların çıxışlarında şiddət yönümlü çağırış eşitmədiyini deyib.

Daha sonra şahid qismində məhkəmə zalına Xəyal Qasımov dəvət edilib. X. Qasımov "azadxəbər" saytında bir müddət baş redaktor kimi işlədiyini, "Azadnews" qəzetinin qeydiyyat zamanı təsisatçısı kimi adını keçdiyini bildirib:

"Burada əyləşən insanların çoxunu tanıyıram. Hamısı dəyərli, cəmiyyətə faydalı insanlardır. Bir müddət "azadxəbər" saytına işləmişəm. Daha sonra "Azadnews" qəzeti təsis olunanda, rəsmi qeydiyyatda mənim adım keçdi. Lakin daha sonra saytdan ayrıldığımdan adımın qəzetdə təsisatçı kimi göstərilməsini istəmədim".

O da, verilən suallara cavabında E. Qasımovdan və digərlərindən terror yönümlü, şiddətə və zorakılığa çağırış eşitmədiyini vurğulayıb.

Xəyal Qasımovdan sonra növbəti şahid Azad Kərimov olub. Azad Kərimov Müsəlman Birliyi Hərəkatının üzvü olduğunu, Tale Bağırzadəni tanıdığını, 9 noyabr 2015-ci ildə Sabunçu rayon polis idarəsinin qarşısında saxlanıldığını deyib. Azad Kərimovun da dindirilməsi çox çəkməyib, növbəti şahid kimi zala İlkin Məmmədov çağırılıb. İlkin Məmmədov "azadxəbər" saytında redaktor kimi fəaliyyət göstərdiyini, təqsirləndirilənlərin bir çoxunu tanıdığını, onların yaxşı, vətənini sevən insanlar kimi yadında qaldığını deyib. Bundan sonra fasilə elan olunub.

Fasilədən sonra zala Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları dəvət olunub. İlk öncə əməliyyatçı Ceyhun İmamverdiyev dindirilib. O, təqsirləndirilənlərdən Vüsal Alışovun, Nahid Qəhrəmanovun və Ramil Əliyevin evində axtarış zamanı iştirak etdiyini deyib:

"Alışov Vüsalın evində əməliyyat zamanı 3 nəfər idik: Mən, Həmzət Zahidov və Emin Səfərov. Vüsalın evindən 3 ədəd Müsəlman Birliyinə aid braşura, 1 qumbara və 1 qumbara başlığı aşkar etdik. Ramil Əliyevin evindən 1 qumbara, 1 qumbara başlığı və 3 ədəd braşura çıxdı. Nahid Qəhrəmanovun evindən isə 1 ədəd lüləsi kəsilmiş tüfəng, 1 qumbara, 1 qumbara başlığı və 5 braşura aşkar edib, götürdük".

Təqsirləndirilən İsa İbrahimov Ceyhun İmamverdiyevdən onun evində də axtarış aparıb-aparmadığını soruşub. C. İmamverdiyev aparmadığını deyib. Bu cavabdan sonra İ. İbrahimov hakimdən digər əməliyyatçı Emin Səfərovun ifadəsinin oxunulmasını istəyib. Həmin ifadədə E. Səfərov İ. İbrahimovun evində axtarış apardıqlarını, axtarışda C. İmamverdiyevin də iştirak etdiyini bildirib. C. İmamverdiyev bu ifadəylə razılaşmadığını söyləyib. İsa İbrahimov Ceyhun İmamverdiyevin cavablarına münasibət bildirib:

"Dekabrın 17-də Kərbəla ziyarətindən qayıdanda Astara sərhəd-keçid məntəqəsində saxlayıblar məni. Həmin gecə əli qandallı Bakıya - "Bondotdel"ə apardılar. Səhər qaldırdılar 3-cü mərtəbəyə, generalın yanına. General mənə dedi ki, sənin istəsən də, istəməsən də evindən silah çıxardacayıq, yaxşısı budur, keç o biri otağa, bir yer de ordan çıxartsınlar. Mən axtarışda özümün də iştirak etməyimi istədim, çünki məndən əvvəl Elxan Həsənovun evində belə bir axtarış aparmışdılar, o evi alt-üst eləmişdilər, bunu bilirdim. Həmin zaman isə evimdə yalnız həyat yoldaşım var idi, hamilə idi. Qardaşım İranda təhsil alırdı, anam isə ağır xəstə olduğu üçün İrana getmişdi. General dedi ki, sən qal burada. Sonra Ceyhun İmamverdiyev məndən evimin çertyojun aldı. Orda əllərində bir torba vardı, məni də apardılar evimizə. Həmin torbanı qoydular evimizə, ordan da götürdülər. Həmin vaxt məni həyətdə saxlamışdılar, mən iştirak eləmirdim. Mənə təsir edən odur ki, bizi İŞİD-çi kimi təqdim edirlər. Halbuki mən Daxili Qoşunlarda xidmət edən zaman "Meşə Qardaşları"na qarşı əməliyyatda iştirak etmişəm, İraqda ziyarətdə olanda maşınımızı İŞİD-çilər gülləyə tutub. Rayonda, ölkədə də hər zaman terrorun, İŞİD-in əleyhinə çıxışlar etmişəm".

İbrahimovun çıxışından sonra Nahid Qəhrəmanov söz istəyib. Qəhrəmanovun çıxışı zamanı zalda əyləşən anası hakimə danışılanlara münasibət bidlrimək istəyini deyib. Hakim isə sərt şəkildə bunun qaydalara zidd olduğunu vurğulayaraq, icazə verməyib. Qəhrəmanovdan sonra Ramil Əliyev əməliyyatçıya suallarının olduğunu deyib. O, əsəb probleminin olduğunu deyərək, hakimdən sözünün kəsilməməsini istəyib. Lakin hakim R. Əliyevin bir neçə dəfə sözünü kəsərək, danışmasına icazə verməyib. Bu, təqsirləndirilənlərin etirazına səbəb olub. Onlar hakimə Nahid Qəhrəmanovun anasına da qışqırmasını irad tutaraq, müttəhim tərəfə söz demək üçün şərait yaratmadığını, ittihamçı tərəfin maraqlarını qoruduğunu bildiriblər. Zalda bir müddət gərginlik yaşanıb. Təqsirləndirilənlər hakimdən sözlərinin kəsilməməsini, ədalətli olmağı tələb ediblər. Gərginlik azaldıqdan sonra E. Qasımov hakimə müraciət edib:

"Bu insanlar 2 ildir həbsdədirlər. Ən ağır maddələrlə, ədalətsizcə həbs olunublar. Yaxınlarını, əzizlərini görmürlər. Biz istəmirik, burada bizə, yaxud yaxınlarımıza nəsə olsun, buna görə də, sonra gərginlik yaşansın bayırda. Ona görə sakitçilik yaratmağa çalışırıq, siz isə belə edirsiniz. Mənim 32 yaşım var bunu başa düşürəm, sizin isə 50-60 yaşınız var, başa düşmürsünüz. Biz ölümü gözə almış insanlarıq, bizə bundan o yana heç nə edə bilmərsiniz. Əgər bu gün birimizdən şikayət etsəniz, birimiz "kars"a salınsaq, 12-mizdə etiraz edəcəyik ki, hamımızı salsınlar. Ona görə, ya hamımızdan şikayət edin, ya da heç birimizdən. Mənə Kürdəxanıda demişdilər Mayıl müəllim yaxşı adamdır, bir səbət yumurtaya adam buraxdırır, amma sizin elədiyinizə baxın".

Hakim M. Bayramov təqsirləndirilənləri dözümlü olmağa dəvət edib. Şikayət edəcək olsa, heç kəsin təhdidinə məhəl qoymayacağını, lakin şikayət etməyəcəyini bildirib. 

Sonuncu şahid Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçısı İslam Ağabəyov olub. O, təqsirləndirilənlərdən Əli Şahbazovu evindən əməliyyatla apardıqlarını deyib. Lakin yalnışlıqla Əli Şahbazovdan bir müddət "Balabəy" deyə bəhs edib. Dövlət ittihamçısı İslam Ağabəyova yəqin ki, Ə. Şahbazovu nəzərdə tutduğunu deyəndə, vəkil Fariz Namazlı etiraz edərək, bu müdaxilənin qanunsuz olduğunu söyləyib. Hakim etirazı qəbul edib. Şahid isə yol verdiyi yanlışlığın texniki səhv olduğunu bildirib. Əli Şahbazov isə şahidin ifadəsinin əksinə olaraq, könüllü şəkildə "Bandotdel"ə getdiyini, ondan əvvəl isə atasının saxlanıldığını deyib. O, "Bandotdel"də atasının buraxılması müqabilində evindən silah-sursat aşkarlanması ilə bağlı ifadə yazdığını, lakin aldadıldığını, atasının cinayət işi açılaraq, həbs olunduğunu deyib.  

Növbəti məhkəmə prosesi Sentyabrın 2-ə təyin olunub.