Fəxrəddin Abbasovun Azərbaycana verildiyi deyilir

Azərbaycanda separatçılıqda ittiham edilən Fəxrəddin Abbasovun Moskva ətrafında Lyuberets şəhər istintaq təcridxanasından yoxa çıxdığı bildirilir.
 
"Amnesty İnternational” təşkilatının yaydığı məlumata görə, F.Abbasov fevralın 27-də təcridxanadan çıxarılaraq, naməlum istiqamətdə aparılıb.
 
F.Abbasov Azərbaycan tərəfinin sorğusu ilə 2018-ci ilin sentyabrında Moskvada saxlanılıb. Azərbaycanda onun barəsində cinayət işi 2018-ci il iyulun12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə açılıb. İki gün sonra onun haqqında axtarış elan edilib.
 
"Amnesty İnternational” təşkilatının məlumatına görə, fevralın 28-də F.Abbasovun məhkəməsi olmalı idi, lakin onun yeri bilinmədiyindən prosesi martın 18-ə qədər təxirə salıblar.
 
"Hansısa hüquq-mühafizə orqanlarının əməkdaşları təcridxanaya gələrək Baş prokurorluqdan F.Abbasovun azad edilməsi ilə bağlı məktub təqdim ediblər. Bundan sonra F.Abbasovu özləri ilə aparıblar. Onun şəxsi əşyaları isə təcridxanada qalıb. Hazırda onun harada olması məlum deyil”.
 
Təşkilat təxmin edir ki, F.Abbasovu Azərbaycana vermək üçün təcridxanadan çıxara bilərdilər.
 
"Amnesty İnternational” F.Abbasovu müxalif siyasətçi hesab edir və talış milli hərəkatının lideri adlandırır.
 
Azərbaycan Baş Prokurorluğunun mətbuat katibi Eldar Sultanov bildirib ki, Fəxrəddin Abbasovun Azərbaycana ekstradasiyası ilə bağlı Baş Prokurorluqda heç bir informasiya yoxdur.
 
Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbaszadə 1993-cü ildə separatçı "Talış Muğan Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.
 
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.
 
Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalıb.
 
Meydan Tv