Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

“Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası gələn həftə keçirilə bilər”.

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

Elmira Axundova komissiyaya hansı məsələlərlə bağlı  müraciətlərin daxil olduğunu da bildirib.

“Əfv ərizələri həyat kimi çox müxtəlif və mürəkkəbdir. Cəmiyyətin bütün problemlərini əhatə edir. Əfv Məsələləri Komissiyasına məişət zorakılığı və yol qəzaları ilə  bağlı həddindən artıq çox müraciətlər daxil olub. Hətta komissiyanın bir iclası ancaq yol qəzalarına da sərf olunub. Ona görə mən deyirəm ki, bizim yollarımızda əsl genosid baş verir. Ağır cinayətlərlə bağlı da müraciətlər var. Ancaq bunların sayı bir o qədər də çox deyil. Oğurluq, quldurluqla bağlı da müraciətlər var. Yəqinki, iqtisadi cinayətlər, mənimsəmələrlə bağlı da müraciətlər olacaq”.