Əfv Komissiyasının xanım üzvünün əfv anonsuna reaksiyalar

Qarşıdan gələn Qurban bayramı münasibətilə əfv sərəncamının imzalana biləcəyi ilə bağlı xəbərlər yayılıb. Bayrama 15 gün qaldığını nəzərə alaraq, yayılan xəbərlər o qədər də inandırıcı görünməsə də, Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu istisna etmir.

Onun sözlərinə görə, əfv komissiyası daim fəaliyyətdə olan orqandır. Virtualaz.org-un əməkdaşı ilə söhbətində o deyib:

“Ölkə prezidenti humanizm prinsiplərini əsas götürərək, mütəmadi olaraq bu cür aktlar imzalayır və mən istisna etmirəm ki, tezliklə əfvlə bağlı fərman imzalana bilər. Həmin sənədin Qurban bayramı ərəfəsində imzalanması da istisna edilmir”.

Image result for Əliməmməd Nuriyev

M.İbrahimqızı ilə eyni qurumda təmsil olunan hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”da yayılan xəbərlərə bu cür reaksiya sərgilədi: “Azərbaycanda cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının 10 fevral sərəncamı da bütövlükdə cəzaların humanistləşdirilməsi ilə bağlıdır. Az müddət öncə prezident tərəfindən əfv sərəncamı imzalanıb. Bunun əsasında 242 nəfər cəzadan azad olunub. Onların 412-i azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub. Belə bir qısa müddət ərzində yeni əfv sərəncamının imzalanmasını istisna edirəm. Amma bu əlbəttə cənab prezidentin müstəsna səlahiyyətinə aid bir məsələdir. Onu da qeyd edim ki, Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərir. Hər gün məhbusların özlərindən, yaxınlarından nümayəndələrindən daxil olan müraciətləri qəbul edir, müvafiq rəylər hazırlayır. Bunu Əfv Komissiyasının iclaslarına çıxarmaq üçün. Özü də çox gərgin bir rejimdə fəaliyyət göstərir. Bu günlərdə Əfv Komissiyasının iclası olmayıb. Bildiyiniz kimi iclaslar bütün materiallar hazır olandan sonra komissiyanın sədri tərəfindən çağırılır. Sonuncu əfv sərəncamından keçən qısa müddəti nəzərə alaraq, yeni bir sərəncamın veriləcəyini güman etmirəm”.

Image result for Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əfv sərəncamının veriləcəyinə inanmır: “Məlahət xanım komissiyasının üzvüdür. Amma bildiyim qədərində avqustda iş başında olanların əksəriyyəti istirahət edirlər. O komissiyada təmsil olunan deputatlar var. Hamımıza da məlumdur ki, bu vaxtlar parlament bütün ölkələrdə olduğu kimi işləmir. Amma komissiyanın katibliyi var. Bu mənim yanaşmamdır ki, avqust ayında Əfv Komissiyasının üzvlərinin iclas keçirmələri ehtimalı azdır. Qurban bayramı sentyabrın əvvəllərindədir. Açığı əfv gözləmirəm. Arzu edərdim ki, düşündüyüm səhv olsun. Adətən əfv sərəncamları dekabrda gözlənilir. Son illərdə ardıcıl şəkildə əfv sərəncamlarının verilməsini indiyə qədər müşahidə etməmişəm. Amma onu qeyd edim ki, Əfv Komissiyasının kifayət qədər siyahıları da var, ərizələri də. Mart ayından bu yana insanları ümidləndirdilər ki, növbəti bayramlarda sərəncam verilə bilər. Amma Ramazan bayramı oldu və sərəncam verilmədi. İstəsələr sərəncamı verərlər, çünki əllərində siyahılar var. Müraciət edən məhbuslar barəsində əllərində kifayət qədər yetərli məlumatlar var. İclas keçirmələrinə ehtiyac belə yoxdur. Camaatı ümidləndirib, sonradan stress keçirmələrini istəmirəm. Sonda arzu edərdim ki, kaş mən səhv edəm”.