Fuad Qəhrəmanlı həbsdə gününü kitab oxumaqla keçirir

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbsdə gününü kitab oxumaqla keçirir. Bu haqda “Azadliq.info”ya Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov məlumat verib.

Sentyabrın 19-da vəkil Fuad Qəhrəmanlının saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.
Vəkil deyir ki, F.Qəhrəmanlı əhval-ruhiyyəsinin yaxşı olduğunu, səhhətində hər hansı bir problem olmadığını, gününü əsasən kitab oxumaqla keçirdiyini ona bildirib.

AXCP sədrinin müavini AŞPA həmməruzəçisi Şennakın onunla həbsxanada görüşdüyünü də bildirib.
Vəkil 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan başqa bir siyasi məhbus Murad Ədilovla da görüşüb.
Ədilov da saxlanma şəraitindən hər hansı bir narazılığının olmadığını bildirib.

Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatından sonra orada baş verənlərlə bağlı “facebook” səhifəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə Murad Ədilov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı hər iki şəxsi “vicdan məhbusu” elan edib.