EURO : 1,8926 TRY : 0,2924 USD : 1,7 RUB : 0,0271
Fuad Əhmədlinin yenidən karsa salındığı deyilir

Fuad Əhmədlinin yenidən karsa salındığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Fuad Əhmədlinin dekabrın 26-dan üç gün "karsa" (cərimə kamerası) salındığı bildirilir.
 
Bu barədə Azadlıq Radiosuna F.Əhmədlinin ailəsindən bildiriblər.
 
F.Əhmədli 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
 
"Fuadı karsa salıblar. Amma bunun səbəbi bəzə bəlli deyil», - deyə ailəsindən vurğulayıblar.
 
Bu deyilənlərə aydınlıq gətirmək məqsədilə «Turan» agentliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqovla əlaqə saxlayıb. Agentliyin xəbərinə görə, Penitensiar Xidmətin sözçüsü deyilənlərə tam aydınlıq gətirməyərək yalnız bunları bildirib: «Cəzaçəkmə müəssisəsinin daxili qaydalarını pozmağa görə məhkuma cəza vermək müəssisə rəhbərliyinin səlahiyyətindədir. Penitensiar Xidmət belə halları şərh etmir».
 
F.Əhmədlinin bundan əvvəl də bir neçə dəfə karsa salındığı bildirilmişdi. Ailəsi sonuncu dəfə onun bu ilin oktyabrında cərimə kamerasına salındığını açıqlamışdı.
 
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunurdu ki, F.Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb. F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb. F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir. Hərçənd, rəsmilər ölkədə siyası baxışlara görə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
 
F.Güləni isə Türkiyənin hakimiyyət orqanları 2016-cı ildə bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi dəstəkləməkdə günahlandırırlar. Ancaq onun özü bu ittihamı siyasi sayaraq, yalanlayıb.

Facebook