"Fuad Əhmədlinin işi üzrə zərərçəkmiş yoxdur" - Video

AXCP üzvü Fuad Əhmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Rakurs TV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə gənc fəal, vəkil Əsabəli Mustafayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məhkəmədə məhdud sayda insanın iştirakına icazə verilib. 

Vəkil Əsabəli Mustafayev məhkəməni şərh edərkən bildirib ki, gənc fəalın işi üzrə heç bir zərərçəkmiş yoxdur:

"Fuadın işi üzrə zərərçəkmiş kimi qeyd olunanlar rəsmən müraciət edərək, heç bir şikayətlərinin olmadığını, cüzi zərərçəkmiş olduqları üçün də özlərini zərərçəkmiş kimi görmədiklərini deyiblər. Onlar məhkəmə proseslərində iştirak etmək istəmədiklərini bildiriblər. Müdafiə tərəfi olaraq vəsatət verdik ki, bu adamları zərərçəkmiş siyahısından çıxarsınlar. Lakin məhkəmə bunu nəzərə almadı. Çünki əks-təqdirdə cinayət işinə xitam vermək lazım idi, zərərçəkmiş qalmamışdı.  Vəsatətlər baxılmamış saxlanılıb, bu gedişlə ümid eləmirik ki, vəsatətlər təmin olunacaq".

Növbəti proses iyun ayının 6-da keçiriləcək.

Xatırladaq ki, AXCP fəalı Fuad Əhmədli  2016-cı ilin avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Fuad Əhmədlinin "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürdüyünü bildiriblər. İttiham aktında onun mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapıldığı da öz əksini tapıb. Fuad Əhmədli CM-nin 302 (əməliyyat və axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham edilir.