Fuad Əhmədli azadlığa buraxılmadı

"Cinayəti etiraf etmir, asudə vaxtlarından səmərəli istifadə eləmir"
 
Mayın 1-də Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyev AXCP fəalı Fuad Əhmədlinin vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə baxıb. F.Əhmədlinin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində baş tutan məhkəmənin nəticəsi olaraq, ərizə təmin edilməyib.
 
Cəbhəçi gəncin atası Zəfər Əhmədli bildirib ki, məhkəmə cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas tutaraq, ərizəni təmin etməyib.
 
Mülahizəni isə Tərbiyə İşinin Təşkili Şöbəsinin rəisi Sərvət Şükürov və şöbənin inspektoru Emin Abdurəhmanov hazırlayıb. Müəssisənin rəisi Şahin Həsənov da onu təsdiqləyib. Yazıblar ki, F.Əhmədlinin vaxtından əvvəl azadlığa buraxılmasının əleyhinədilər.
 
"Aparılan tərbiyə işindən nəticə çıxarmır. Özündə müsbət dəyişikliklər etməyə çalışmır. Əməyə münasibəti mənfidir. Keçirilən tədbirlərdə iştirakdan yayınır. Asudə vaxtlarından səmərəli istifadə edə bilmir. Xasiyyətcə özünə qapalıdır. Onunla aparılan söhbətlər zamanı cinayəti etiraf etmir" - cəzaçəkmə müəssisəsinin mülahizəsində belə yazılıb.
 
Sənədi hazırlayanlar əlavə edir ki, Ədliyyə Nazirliyi Kollegiyasının 28 sentyabr 2019-cu il tarixli qərarıyla yaradılmış müvafiq komissiya da Fuad haqqında mənfi rəy verib. Ona görə də Fuadın cəzanın qalan hissəsindən vaxtından əvvəl şərti azad edilməsini məqsədəmüvafiq hesab eləmirlər.
 
Z.Əhmədli isə hesab edir ki, bu mülahizə də, məhkəmənin qərarı da siyasi sifarişin nəticəsidir. Onun sözlərinə görə, bu ölkədə günahsız adamlar siyasi sifarişlə həbs olunduğu kimi, siyasi göstərişlə də buraxılırlar: "Göstəriş də belədir ki, Fuad həbsdə saxlanmalıdır. Ona görə hər cür bəhanə uydururlar".
 
Suraxanı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.
 
F.Əhmədli 2016-cı il avqustun 18-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 4 il azadlıqdan məhrum edilib. Onun cəzasının üçdə iki hissəsi aprelin 18-də tamam olub. F.Əhmədli işlədiyi "Nar Mobile"da bir neçə müştəri haqqında məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunurdu. Ona qarşı Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.
 
Lakin F.Əhmədli özünü təqsirli bilmir, siyasi fəaliyyətinə, hökuməti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirir.
 
Meydan.Tv