''Əfqan Muxtarlının oğurlanmasını Bidzina İvanişvilinin qohumu təşkil edib''

'Jurnalistin oğurlanmasından Gürcüstan xüsusi xidmət orqanı rəhbərliyinin xəbəri olub''

Müxalifətdə olan Avropa Gürcüstanı Partiyasının liderlərindən Givi Tarqamadze bildirib ki, Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib.

İyunun 1-də Tbilisidə keçirilən mətbuat konfransında G.Tarqamadze iddia edib ki, jurnalist Əfqan Muxtarlının oğurlanmasını nüfuzlu azərbaycanlı biznesmen, Bidzina İvanişvilinin qohumu Uça Mamasaşvilinin tərəfdaşı sifariş edib.

G.Tarqamadzenin sözlərinə görə, adı açıqlanmayan azərbaycanlı iş adamı müxalifətçi jurnalisti verməklə öz rəhbərliyinə hədiyyə etmək istəyib.

G.Tarqamadze əmindir ki, məhz bu səbəbdən azərbaycanlı jurnalist mayın 29-da Tbilisidə Gürcüstanın xüsusi xidməti tərəfindən oğurlanaraq Azərbaycana verilib:

"Jurnalistin oğurlanmasından Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri və baş nazir Georgi Kvirikaşvilinin xəbəri olub. Əldə etdiyimiz səhih məlumata görə, Uça Mamasaşvilinin tərəfdaşı jurnalistin saxlanaraq Azərbaycana verilməsinə yardım göstərilməsini xahiş edib. U.Mamasaşvili Azərbaycan nümayəndəsinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşünü təşkil edib. Görüşdə onun müavini Soso Qoqaşvili də iştirak edib. Sonda bu işlə məşğul olmaq Soso Qoqaşviliyə tapşırılıb. Əməliyyata isə DTX-nin xüsusi təyinatlı dəstəsinin rəhbəri Zura Xarazişvili və iki xüsusi təyinatlı rəhbərlik edib", - deyə G.Tarqamadze bildirib.

O, ehtimal edir ki, jurnalisti oğurlayanlar kriminal polis formasında olublar. Onlar jurnalisti saxlayaraq maşına oturdublar:

"Bundan sonra üç dəfə istiqaməti dəyişiblər. Öncə onu Qareci vasitəsilə Azərbaycana göndərmək istəyiblər, ancaq alınmayıb, sonra istiqaməti dəyişərək İormuqanlo tərəfə gediblər və yenə də keçirə bilməyiblər. Yolda məlum olub ki, Ə.Muxtarlının üzərində pasport yoxdur, həm də şəkər xəstəsi olduğundan halı pisləşib. Sonda Soso Qoqaşvilinin şəxsi zəmanətilə jurnalisti Dedoplistskarodan DTX rəhbərinin söylədiyi "yaşıl sərhəd"ə aparıblar".

Yaxınlarının və eləcə də Əfqan Muxtarlının özünün dediyinə görə, mayın 29-da, axşam saat 19 radələrində evinin yaxınlığında bir qrup naməlum şəxs tərəfindən zorla maşına mindirilərək aparılıb. Hadisə zamanı ona qarşı fiziki zor tətbiq olunub. Əfqan Muxtarlı ona hücum edən şəxslərin gürcü dilində danışdığını, sonradan onun azərbaycanlılara təhvil verildiyini deyir. Vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı deyib ki, sərhədi sənədsiz keçirilib və bundan sonra onun cibinə xarici valyuta qoyulub. 

Həyat yoldaşı Leyla Mustafayeva Əfqan Muxtarlının xarici pasportunun Tbilisidəki mənzilində olduğunu bildirir. 

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur. 

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir. 

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, - deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.

İnsan hüquqları təşkilatları baş vermiş hadisəyə görə rəsmi Bakını və Gürcüstan hökumətini qınayır.