Əfqan Muxtarlının məhkəmə prosesi keçirildi: YAP-çı deputat ifadə verəcək

İyunun 29-da Bakı Apelyasiya Məhkəməsində Əfqan Muxtarlının apelyasiya şikayətinə baxılıb.

Hakim verilmiş şikayəti təmin etməyib. Buna baxmayaraq, məhkəmə YAP-çı deputat Elman Nəsirov və Space kanalının "Carçı" proqramının müxbirinin prosesə şahid qismində çağırılması barədə vəsatətləri təmin edib. Bu barədə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov "facebook" hesabında məlumat yayıb.

Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsi Ə.Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməmişdi. 

Apelyasiya şikayəti həmin qərardan verilib.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Rakurs TV