Əfqan Muxtarlının həbs müddəti uzadıldı

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Rakurs TV-nin məlumatına görə, avqustun 17-də Nəsimi rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində həbs müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun vəsatətinə baxılıb. Hakim Babək Pənahovun sədrlik etdiyi prosesdə jurnalistin həbs müddətinin daha 2 ay uzadılmasına qərar verilib. 

Rəsmi məlumatlara görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Jurnalist özü isə Gürcüstandan oğurlanaraq gətirildiyini bildirir.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Onun Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.