''Əfqan Muxtarlı məsələsi Gürcüstan üçün demokratiya sınağıdır''

Avropa Parlamentinin rəsmisi Tbilisidə Əfqan Muxtarlının işi ilə maraqlanır

Avropa Parlamentində ALDE (Avropa Liberal və Demokratlar ittifaqı) fraksiyasının vitse-prezidenti Henrix Bax Mortensen Gürcüstanda rəsmi səfərdədir.

Bu haqda "Rustav 2" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, həbsdə olan jurnalist Əfqan Muxtarlı işi ilə bağlı məlumat toplayan vitse-prezident deyib ki, bu məsələ  Gürcüstan üçün demokratiya sınağıdır.

Avropa rəsmisi Gürcüstanda ALDE üzvü olan Azad Demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri ilə görüşüb.

Xəbərdə deyilir ki, iyunun 27-də Tbilisidə Henrix Bax Mortensen Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşəcək. 

Arif Hacılı bir neçə gün əvvəl Əfqan Muxtarlının işi ilə əlaqədar ifadə verib. 

“Bastainfo”-nun məlumatına görə isə iyunun 27-də Əfqan Muxtarlı işi ilə bağlı başqa müzakirələr də nəzərdə tutulub. Belə ki, Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Bu haqda Leyla Mustafayevanın özü məlumat verib.

Müsavat Partiyası ALDE-nin üzvüdür. Bundan öncə ALDE qrupu Əfqan Muxtarlının dərhal həbsdən azad olunmasını tələb edərək, Müsavat Partiyası və onun başqanı Arif Hacılıya dəstəyini ifadə edən bəyanat yaymışdı.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.