Əfqan Muxtarlı beynəlxalq təşkilatlara müraciət etdi

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı açılan cinayət işi üzrə dindirilib. 
 
Bu barədə jurnalist "Bastainfo”-ya göndərdiyi məktubunda yazıb. Onun sözlərinə görə, dindirilmədə ondan hazırda Gürcüstanda yaşayan Daşqın Ağalarlı və "Lancet” klinikasının həbsdə olan təsisçisi Fərman Ceyranlı haqqında soruşulub. 
 
Əfqan Muxtarlı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O, məktubunda bildirib ki, müstəntiq əsasən Gözəl Bayramlı ilə münasibəti, Gözəl Bayramlının Gürcüstanda görüşləri haqqında suallar verib:
 
"Suallara cavab olaraq bildirmişəm ki, Gözəl xanım şərlənərək həbs olunub. Onun çantasına pul hakimiyyət nümayəndələri tərəfindən yerləşdirilib. Gözəl Bayramlının Gürcüstanda hər hansı tədbirdə iştirakndan xəbərsizəm.
 
Sualların məğzindən bir daha aydın olur ki, Daşqın Ağalarlı, Gürcüstanda yaşayan Azərbaycanlı fəallar və jurnalistlər Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Azərbaycan tərəf qondarma ittihamlarla azərbaycanlı fəalların və jurnalistlərin nəyin bahasına olursa-olsun həbs edərək, yaxud oğurlayaraq Azərbaycana gətirməkdə israrlıdır”.
 
Ə.Muxtarlı yazıb ki, Azərbaycan prokurorluğunun Fərman Ceyranlı ilə bağlı verdiyi suallar onu deməyə əsas verir ki, professor Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunub. Jurnalist beynəlxalq təşkilatlara müraciət edib:
 
"Fərman Ceyranlı siyasi məhbusdur. Beynəlxalq təşkilatlar- Avropa Birliyi və Avropa Şurasından xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı fəal və jurnalistlərin təhlüksizlik məsələsini gündəmdə saxlasın. Eyni zamanda Fərman Ceyranlının qısa müddət ərzində qeyd-şərtsiz azadlığa buraxılması üçün Gürcüstan hakimiyyətinə təzyiqləri artırsınlar”.
 
Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
 
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
 
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
 
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
 
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.
 
Gözəl Bayramlı isə ondan bir neçə gün əvvəl - mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb.
 
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Mayın 26-da Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Sonradan həbs müddəti artırılıb.
 
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
 
Gözəl Bayramlı və təmsil olunduğu AXCP həbsi sifarişli hesab edir.
 
Mayın 22-də həbs olunmuş Fərman Ceyranlıya qarşı CM-in 247-ci maddəsinin 1-ci bəndi (həyat və sağlamlıq üçün təhlükəli olan informasiyanın gizlədilməsi), 180-cı maddənin 3-cü hissəsinin b bəndi (kütləvi dələduzluğa cəhd) ittiham irəli sürülüb.
 
F.Ceyranlı bildirib ki, ona qarşı irəli sürülən ittihamlar uydurmadır və ona heç bir aidiyyatı yoxdur. O deyib ki, həbsi sifariş xarakteri daşıyır və o, rəsmi ittihamda göstərilən hərəkətlərə görə hüquqi məsuliyyət daşımır.
 
Müdafiə tərəfi dələduzluq ittihamını əsassız adlandırıb.