Formula 1: "Hasarlanmış Bakı"

Azərbaycanda artıq 2 gündür ki, Formula 1 yarışları keçirilir. Yarışlar Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

Azərbaycanın bu yarışın təşkili üçün ümumi nə qədər xərc çəkdiyini hesablamaq bir az çətindir. Səbəb hökumətin informasiya verməməsidir. Gənclər və idman naziri Azad Rəhimov 2016-cı ildə mətbuata açıqlamasında yalnız onu qeyd edib ki, 6 kilometrlik yarış trasının hazırlanması 12 milyon manata başa gələcək. Pit-stop binasının qiyməti isə təxminən 30 milyona yaxındır. Onu da qeyd edək ki, Azərbaycan Formula 1 rəhbərliyi ilə 10 illik müqavilə imzalayıb və ən azı 5 il bu yarışları təşkil etməlidir. Yalnız 5 ildən sonra cərimə ödəməklə yarışın təşkilatçılığından imtina etmək olar.
“Formula 1” eksperti Kristian Siltin sözlərinə görə, təkcə 2016-cı il üçün Azərbaycan Formula 1 rəhbərliyinə 34 milyon dollar (təxminən 51 milyon 319 min 600 manat) ödəyəcək və bu məbləğ hər il 10% artacaq. Nazir Azad Rəhimov isə bu iddianı təkzib edib və yenə də Azərbaycanın əslində nə qədər ödəyəcəyini açıqlamayıb.

Bu rəqəmi əsas götürüb hesablasaq, belə çıxır ki, 10 ildən sonra Azərbaycan “Formula 1”-ə minimum 630 milyon 59 min 681 dollar (951 milyon 390 min 119 manat) xərcləmiş olacaq. 

Azərbaycanın “Formula 1” rəhbərliyinə ödədiyi illik haqla bağlı digər bir versiya isə 25 milyon dollardır. Belə ki, yarış fanatlarının yaratdığı saytın məlumatına görə, turnirə ilk dəfə qoşulan ölkələr, eləcə də uzaq şərq ölkələri minimum 25 milyon dollar (təxminən 37 milyon manat) ödəməlidir. Yarışın təşkilatçılığı ilə uzun illərdir məşğul olan Avropa ölkələri isə adətən 20 milyon dollar ödəyir. Bu rəqəmi əsas götürərək hesablasaq, Azərbaycanın təkcə 2016-cı il üçün xərci 84 milyon manat edir.

Bizim ödəyəcəyimiz illik haqla bağlı daha bir versiyanı isə “Autoweek” saytı yayıb. Belə ki, İtaliya avtomobil klubunun başçısı Sticchi Damianinin iddiasına görə, Azərbaycan “Formula 1” rəhbəri Berni Eklstouna 2016, 2017 və 2018-ci illərdə yarışı təşkil etmək üçün cəmi 150 milyon dollar (226 milyon 500 min manat) ödəyəcək. Yəni, hər il 50 milyon dollar (75 milyon 500 min manat).

Buna əsasən hesabladıqda isə 2016-cı ildə “Formula 1” üçün xərcimiz 117 milyon 500 min manata çatır.