"Formula-1" Azərbaycan Qran-prisi start götürür

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək. Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq.

İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

"Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.