"Fontanlar xaricilər üçün işləyir, bizim üçün yox" - Video reportaj

Parklar qızmar yay günlərində paytaxt sakinlərinin üz tutmağı sevdiyi məkanlardan biridir. Evdə qala bilməyən, yaxud nəfəs dərmək üçün yolüstü dincəlmək istəyən insanlar parklardakı fontanların ətrafında cəmləşirlər. Onların tək istəyi yol gedərkən, parkda hərəkət edərkən fəvvarələrin sərinliyini hiss etməkdir. Amma müəyyən səbəblərdən onlar istədikləri kimi istirahət edə bilmirlər. Səbəb şəhərdə yerləşən fontanların gündüz saatlarında işləməməsidir. Təkcə şəhərin mərkəzindəki deyil, kənarlardakı fəvvarələr də günortalar işləmir. Qış parkı, Hüseyn Cavid parkı, Milli Bankın qarşısındakı Heydər Əliyev Parkı, Sahil parkı, Elmlər Akademiyasının akademiya şəhərciyi və Nizami metrosunun qarşısındakı ərazidə yerləşən hovuzlarda gündüz saatlarında su olmur.

Şəhər meriyasından onu öyrənə bildik ki, fəvvarələrin işləməsi üçün xüsusi qrafik ayrılıb. Qrafikə görə, fontanlar səhər 8:30-dan 11-ə kimi və axşam 18-00 radələrindən 11-ə kimi işləyir. Bu isə vətəndaşları qane eləmir. Onların bildirirlər ki, ağacların suvarılması üçün quraşdırılan qurğular günün istənilən saatında işləsə də, fontanlara bunu aid etmək olmaz. Sakinlər günün isti saatlarında parklarda otura bilməməkdən şikayətlənirlər. Elə iri şəhərlərdə tikilən fontanların da funksiyası isti günlərdə həm ekoloji balans yaratmaq, həm şəhərin ümumi görünüşünə rəng qatmaq, həm də əhalinin rahat istirahətini təmin etməkdir. Amma maraqlısı odur ki, günorta saatlarında işləməyən bu fontanlar, “Formula 1” yarışları zamanı gün ərzində işləyib. Elə fontan ətrafında dincələn şəhər sakini də bunu deyir.

Rakurs TV