Fələstin icması Tale Bağırzadəyə təbrik məktubu yazdı

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə təbrik məktubu alıb.

Məktubu ilahiyyatçıya Rusiyada yerləşən Fələstin icması və Beynəlxalq Dini Hüquqlar Hərəkatı - "Cəfəri" heyəti göndərib.

Təbrik məktubunda Tale Bağırzadə və tərəfdarlarının fəaliyyəti təqdir edilib və Müsəlman Birliyi Hərəkatına uğurlar arzulanıb. 

Bu haqda Rakurs Tv-ə məlumat verən ilahiyyatçının yaxınları Tale Bağırzadənin məktuba görə Fələstin xalqına təşəkkürü etdiyini bildirib. İlahiyyatçı təşəkküründə İsrail rejimi üzərində qazanılacaq qələbəyə inamını ifadə edib: "Fələstinli qardaşlarımıza bizə verdikləri mənəvi dəstəyə görə Müsəlman Birliyi Hərəkatı adından xüsusi təşəkkür və minnətdarlığımızı çatdırırıq. Azərbaycan həbsxanalarından dualarımız daim sizinlədir. İşğalçı İsrail rejiminə qarşı illərdir apardığınız şərəfli mübarizənin qələbə ilə nəticələnəcəyinə zərrə qədər də şübhəmizin olmadığını qətiyyətlə bildiririk. Müqəddəs savaşınız mübarək olsun. "Bilin, Allahın köməyi həqiqətən də yaxındır" (Bəqərə 214)".

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırzadə 2015-cı il noyabrın 26-ı Nardaran qəsəbəsində keçirilən əməliyyatla həbs olunub. Həmin əməliyyat zamanı 2 polis və hadisə yerində olan 4 nəfər həlak olub. Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hər üç qrup üzrə məhkəmə prosesi yekunlaşıb. Ümumilikdə 42 nəfərə 597 il həbs cəzası verilib.

Tale Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. 

O və onunla həbs edilənlər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.