Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.
 
Bu barədə "Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. 
 
Report-un xəbərinə görə, o, dekabrın 22-də universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.
 
Təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib.
 
Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 
 
F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. 
 
Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
 
Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.