“Financial Times”: Putinin saxta demokratiyasının fasadı çökür

“Financial Times”: Putinin saxta demokratiyasının fasadı çökür

Böyük Britaniyanın “Financial Times” qəzeti “Vladimir Putinin saxta demokrtaiyasının fasadı çokür” başlıqlı redaksiya məqaləsi dərc edib.

Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiyada start götürən yeni parlament seçkilərinə (Dövlət Dumasına seçkilər) nəzər salanda hakim Vahid Rusiya Partiyasına dəstəyin azaldığı, amma prezident Vladimir Putinin reytinqinin hələ də yüksək olduğu təsəvvürü yaranır: “Putinin ötən il ölkə konstitusiyasına etdiyi dəyişiklik onun 2024-cü ildə keçiriləcək prezident seçkisində də namizəd olmasına imkan verir. Ancaq sosioloji sorğular göstərir ki, gənc rusiyalıların çoxu 2024-cü ildə Vladimir Putini yenidən dövlət başçısı postunda görmək istəmir.

Kreml qonşu Belarusun Putindən 6 il qabaq prezident postuna gəlmiş lideri Aleksandr Lukaşenko 2020-ci ildə növbəti dəfə saxta qələbəsini elan edərkən minlərlə insanın küçələrə necə axışdığının şahidi olub. Hazırda Rusiya müxalifətinin bu gücdə olduğunu demək mümkün deyil. Yaşlı seçicilərin və şəhərlərdən uzaq ərazilərdə yaşayanların bir çoxu ya hazırkı rejimə loyal münasibətdədir, ya da Putinə alternativ görmür.

Ancaq ölkədəki təzyiqlər iqitisadiyyatın inkişafı üçün zəruri olan debatların, tənqidlərin və fikir mübadiləsinin məkanını daha da daraldıb. Ağıllı sahibkarlar və xarici investorların bəzisi öz biznesini başqa ölkələrə yönəldir. Çünki Rusiya iqtisadiyyatını mədən sənayesi və yanacaq asılılığından qurtarmaq və ya sistemi daxildən yeyən korrupsiyanı cilovlamaq şansları getdikcə azalır.

Avtoritar sistemlərin bəzən liberal islahatlar aparmaq, demokratiyaya yol açmaq niyyəti ola bilər. 2000-ci illərin birinci yarısında Putinin ətrafında olanların bir qismi belə planın olduğuna inanırdı. Ancaq hər şey əksinə oldu – rejimin əsas siması üzə çıxdı”.

Məqalədə deyilir ki, hakimiyyətdən yapışmaq ehtirası sistemdaxili insanların guya Putinin Rusiya ilə xaosun arasında dayandığı haqda fərziyyələri ilə də əsaslandırılır: “Həm Putində, həm də sistemin tərəfdarlarında belə bir xof yaranıb: hakimiyyət dəyişsə taleyimiz necə olacaq…

Belə bir situasiya ilk növbədə Rusiya xalqı üçün fəlakətdir. Digər tərəfdən qlobal təhlükəsizlik baxımından risklidir.

Putin 2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq etdikdən sonra reytinqinin necə yüksəldiyini yaxşı yadında saxlayıb. Moskva Ukraynanın suverenliyinə indi də xələl gətirməkdə davam edir və Lukaşenkoya dəstək müqabilində Belarus üzərində hökmranlığını möhkəmləndirir”.

Məqalədə vurğulanır ki, Rusiyanın “mühasirəyə alınmış qala” təsiri bağışlaması və Qərbin bu qalanı dağıtmaq cəhdi Kremlə sərf edir, çünki rejim bundan vətənpərvərlərin dəstəyini səfərbər etmək üçün yararlanır.

“Financial Times”ın redaksiya məqaləsində qeyd olunur ki, avropalı liderlər bütün bu təhdidləri, əlbəttə, görürlər. Ancaq o biri yandan məqalədə bildirilir ki, ABŞ prezidenti Cozef Baydenin Çinə köklənmiş administrasiyasının Rusiyaya daha çox diqqət yetirməsinə ehtiyac var.

Mənbə: Ft.com

Facebook