Fikrət Hüseynli: Ədalətsizliyə qanuni yolla qalib gələ bildim

''Ölkədə qalma müddətini pozduğuma görə 25 avro cərimə ödədim və pasportuma ştamp vurdular''

"Ukraynanı quru sərhədindən tərk edə bildim. Bu, məcburi tədbir idi, çünki Kiyev aeroportunda məni həbs etməyi planlaşdırırdılar".

Bunu “Amerikanın Səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində jurnalist Fikrət Hüseynli deyib.

2017-ci il oktyabrın 14-də Ukraynada saxlanılan jurnalist Fikrət Hüseynli aprelin 17-də Niderlanda qayıdıb.

F.Hüseynli deyib ki, Kiyev prokurorluğu məhkəmənin onun pasportunun qaytarılması haqqında qərarını sabotaj edib və Bakının jurnalistin Azərbaycana ekstradisiyası haqqında sifarişini yerinə yetirmək üçün Kiyevdə onu hər yolla saxlamağa çalışıb.

"Aprelin 16-da məhkəmənin növbəti iclasında Niderland səfiri və bu ölkənin daha üç diplomatı, Avropa İttifaqının Kiyevdəki missiyasının nümayəndələri, yerli hüquq müdafiəçiləri və jurnalistlər iştirak edib.

Hakim yenə prokurorluğun tələbini yerinə yetirməkdən imtina edib, bundan sonra prokuror hakimdən pasportumu almaq istəyib. Amma mən pasportu götürdüm və məhkəmənin onun mənə qaytarılması haqqında qərar qəbul etdiyini bildirdim",- deyə jurnalist qeyd edib.

F.Hüseynlinin sözlərinə görə, zalda iştirak edən diplomatlar ona deyiblər ki, prokurorluğun sərəncamına əsasən ölkəni tərk etməyə cəhd edərsə, onu həbs edəcəklər.

F.Hüseynli məhkəmə zalından çıxdıqda izlənildiyini hiss edib, çox qısa müddət sonra isə gizli nömrədən naməlum şəxs ona zəng edərək, Ukraynanın ona məzar olacağı ilə hədələyib.

Jurnalist ABŞ və Avropa İttifaqı nümayəndələrinə müraciət edərək kömək istəyib:

"Bundan sonra mənə Ukraynanı necə tərk edə biləcəyimi izah etdilər".

Təfsilatını açıqlamayan jurnalist bildirib ki, ölkənin quru sərhədində bir nəzarət-buraxılış məntəqəsindən keçib.

“Sərhədi qanuni yolla keçdim. Ölkədə qalma müddətini pozduğuma görə 25 avro cərimə ödədim və pasportuma ştamp vurdular.
Berlinə çatdıqdan sonra mənə kömək edən şəxslərə təşəkkür etdim və Amsterdama evimə yola düşdüm", -deyə Hüseynli bildirib.

Ukraynanı tərk etməsinə kimin kömək etdiyinə gəlincə, jurnalist yalnız onların "çox yüksək vəzifəli şəxslər" olduğunu və adlarını açıqlamamağı xahiş etdiklərini bildirib.

6 ay Ukraynada saxlanması ilə bağlı danışan Hüseynli bildirib ki, prokurorluğun əməllərindən şikayətlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Jurnalist beynəlxalq təşkilatların, Ukrayna ictimaiyyətinin, ABŞ, Niderland və Avropa İttifaqının Kiyevdəki səfirliyinin nümayəndələrinə, Ukrayna deputatlarına göstərdikləri dəstəyə görə təşəkkür edib.

"Onların köməyi və dəstəyi sayəsində ədalətsizliyə qanuni yolla qalib gələ bildim", - deyə jurnalist sonda bildirib.

Aprelin 2-də Kiyevin Piçerski Rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul etmişdi.

Məhkəmə F.Hüseynlinin Ukraynanı tərk etməsinə icazə vermişdi.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlanılmışdı. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukraynanın Baş prokuroru Yuri Lutsenkoya jurnalist F. Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada F. Hüseynli və M.Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist F. Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət, son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun səndələrin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq- müdafiə təşkilatları F. Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.