Fikrət Fərəməzoğlunun apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməz oğlu) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunan F. Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.