FHN-in hospitalının baş həkimi məhkəmə qarşısında

FHN-in hospitalının baş həkimi məhkəmə qarşısında

İmran Ağayev öz klinikasının maşınlarından istifadə etməklə xəstələrdən pul almaqda, rüşvət müqabilində onları “VİP korpus”lara yerləşdirməkdə ittiham edilir

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın baş həkimi İmran Ağayev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq başa çatıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İmran Ağayevlə yanaşı, hospitalın əməkdaşları Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanacaq. Cinayət işinin materiallarında iddia olunur ki, baş həkim digər əməkdaşlarla əlbir olub, hospitalın “VİP korpus”larına yerləşdirilib daha yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün 6 nəfər xəstənin yaxınından ümumilikdə 10 min 500 manat pul alıb. Baş həkim həmçinin əməkdaşlardan da rüşvət almaqda təqsirləndirilir. İttihama əsasən, yenidən əmək müqaviləsi bağlanması üçün hospitalın ayrı-ayrı əməkdaşlarından ümumilikdə 5 min manat rüşvət alınıb.

“İmran Ağayev COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstəni özünün təsisçisi və direktoru olduğu “MediStyle” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılmasını təşkil edib. Bunun müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə 51 min 600 manat pul alıb. O, həmçinin COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi hospitalı tərk edib, sərbəst şəraitdə hərəkət etməsinə şərait yaradıb. Bununla da xəstəliyin yayılmasına real təhlükə yaradıb”, - prokurorluğun məlumatında bildirilir.

İmran Ağayev və digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və daha dörd nəfərin də işi hazırda məhkəmədədir. Pərviz Abbasov özünü təqsirli bilmir və kimsədən rüşvət almadığını deyir. Digər təqsirləndirilən şəxslər də istintaq zamanı onlardan təzyiq altında Pərviz Abbasovun əleyhinə yalan ifadə alındığını bildirib.

Facebook