Feysbuk Tramp tərəfdarlarına qadağalar qoydu

Feysbuk Tramp tərəfdarlarına qadağalar qoydu

"Feysbuk" şirkəti ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyasına qədər və ondan sonra dezinformasiya və zorakılığa çağırışlarla bağlı əlavə tədbirlər görəcək. 
 
Bu barədə yerli vaxtla yanvarın 11-də şirkətin rəsmi saytında məlumat verilib. 
 
Məlumata görə, sosial şəbəkənin təhlükəsizlik xidmətinin əməkdaşları məzmununda məsələn, "Oğurluğu dayandırın!” ("Stop the steal!") kimi çağırışlar olan yazıları platformadan siləcəklər. "Feysbuk"un sahib olduğu "İnstaqram" sosial şəbəkəsində də analoji tədbirlər həyata keçiriləcək. 
 
Şirkət nümayəndəsinin sözlərinə görə, sosial şəbəkələrdə bu cür çağırışlardan Doanld Trampın tərəfdarları istifadə edir. Onlar israr edirlər ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərində səsvermə və bülletenlərin sayılması zamanı pozuntulara yol verilib və respublikaçıların qələbəsi oğurlanıb.
 
"Feysbuk"dan bildirilib ki, Co Baydenin vəzifəsinin icrasına başlamasından sonra prezident seçkilərinin nəticələrini şübhə altına alan bütün yazılara "ölkənin fəaliyyətdə olan prezidenti Co Baydendir” qeydi əlavə ediləcək. Bununla yanaşı, "Feysbuk" şirkətinə məxsus bütün sosial şəbəkələrdə hər cür siyasi reklam qadağan olunacaq.
 
Şirkətdən vVerilən məlumata görə, ötən həftə ABŞ Konqresinin binasında baş verən iğtişaşlardan sonra əlavə tədbirlər görməyə məcbur olublar: "Biz seçkilərin nəticələrinin fəal müzakirəsini qadağan etməmişik və bu barədəki mövqeyimizi dəyişdirməyəcəyik.  Amma seçkilərin nəticələrini mübahisələndirmək üçün aksiyalar keçirmək cəhdlərinin zorakılığa səbəb ola biləcəyini və həmin şüarın ("Oğurluğu dayandırın!") çərşənbə günü Vaşinqtonda baş verən hadisələrin iştirakçıları tərəfindən səsləndirildiyini nəzərə alaraq, inauqurasiya ərəfəsində əlavə tədbirlər həyata keçiririk”. 
 
Bundan əvvəl "Tvitter" kimi "Feysbuk" rəhbərliyi də ən azı prezidentlik müddəti bitənə qədər Donald Trampın sosial şəbəkədəki hesablarını bloklamışdı.

Facebook