Faiq Əmirlinin məhkəməsinə şahidlər zorla gətirildi - Video

İyulun 14-də AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Səbail rayon Məhkəməsində keçirilən prosesə hakim Aytən Əliyeva sədrlik edib. Prosedə ittiham tərəfinin şahidləri dindirilib. Bildirək ki, şahidlər məhəkəməyə məcburi gətirilmə haqqında qərarla gətiriliblər.

Şahid qismində zala dəvət olunan şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təkzib ediblər. Belə ki, onlar ifadələrində Faiq Əmirlini tanımadıqlarını, bu və ya digər reklamlarla bağlı elan verdiklərini və ona heç bir ödəniş etmədiklərini bildiriblər.

Şahid ifadələrindən sonra məhkəmənin 17 iyul saat 12:00-a təyin olunması elan edilib.

Prosesdə F. Əmirlinin özü və vəkili Aqil Layıcov, iddiaçının nümayəndəsi Elçin İsayev, dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.