Faiq Əmirlinin məhkəməsi yekunlaşdı

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsi yekunlaşıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hakim Aytən Əliyeva hökmü elan edib.

Məhkəmənin hökmü ilə Faiq Əmirli 3 il 3 ay azadlıqdan məhrum edilib.

Keçən məhkəmə prosesində dövlət ittihamçısı Faiq Əmirlinin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

"Azadlıq" qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi olan Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.