Faiq Əmirlinin məhkəmə prosesi yekunlaşır - Video

İyulun 12 –də Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AXCP sədri Əli Kərimlinin köməkçisi, “ Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Əmirlinin hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edərək, , "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevin, həm də qəzetin əməkdaşı Xəyal Babayevin istintaqdakı ifadələrinin təzyiq altında verdiklərini əsas gətirərək, sübutlar siyahısından çıxarılmasını xahiş edib. 

Vəkil həmçinin digər şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərarı xatırladıb və bu prosesin sürətləndirilməsini məhkəmədən istəyib. Daha sonra məhkəmə 14 iyul saat 14:00-a təyin olunub. Qeyd edək ki, prosesdə F. Əmirlinin özü və vəkili Fəxrəddin Mehdiyev , dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb.

Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.