Faiq Əmirli azadlığa buraxıldı - Foto

Sentyabrın 15-də AXCP sədrinin köməkçisi, "Azadliq" qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Vaqif Mursaqulov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, məhkəmə prosesində hökm oxunub. Qərara əsasən, Faiq Əmirli 3 il sınaq olmaqla, 2 il 2 ay şərti cəza alaraq, məhkəmə zalından sərbəst buraxılıb. 

Qeyd edək ki, AXCP sədrinin köməkçisi və "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.

Səbail Rayon Məhkəməsinin hökmü ilə F.Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Vergilər Nazirliyinin mülki iddiası təmin olunub, dövlətə 39 min manat ödəməli olduğu hökmdə qeyd olunub.