Evi dağılmış Gəncə sakini: Beş nəfər ailə üzvümlə çöldə qalmışam

Evi dağılmış Gəncə sakini: Beş nəfər ailə üzvümlə çöldə qalmışam

Oktyabrın 17-də Ermənistanın Gəncəyə raket atması nəticəsində evi dağılmış sakinlərdən biri də Elşən Vaqif oğlu Ağaxanovdur. O da işçi qrupların fəaliyyətindən narazıdır. 
 
"Mən və qardaşım Elşən bizə qarşı diqqətsizlikdən şikayətçiyik" - E.Ağaxanov "Toplum TV”-yə açıqlamasında belə deyir. 
 
"Evimi təzə tikdirmişdim, indi qəzalı vəziyyətdədir. Raket çox yaxına düşmüşdü, evdən bircə dənə də olsun, salamat əşya çıxara bilmədik. Burda evi köhnə olanlar da var. Təzə tikili o zərbəyə dözmədisə, digərləri necə bərpa oluna bilər? Yəni aydındır ki, hamısı yenidən tikilməlidir. Amma onlar bilərəkdən sənədlərə "bərpa" yazırlar".
 
 
Elşən Ağaxanov banka 25 min borcu olduğunu bildirir: "Həm evim dağılıb, həm əşyalarım məhv olub, həm yatmağa yerim yoxdur, həm də evə görə banka kredit ödəyirəm. Ona görə də şikayət etməyə məcburuq. Məmurlar prezidentin tapşırığını icra etmirlər, məsələnin üstünü malalayırlar, bizi pis vəziyyətə qoyub gedirlər. İndi bilmirəm nəyin dərdini çəkim. Banka borcum olmasaydı, deyərdim ki, hökumətin canı sağ olsun. Amma mən beş nəfər ailə üzvümlə çöldə qalmışam”. 
 
 
O, kreditin dayandırılması üçün "Kapitalbank”a müraciət etdiyini deyir: "Razılaşmadılar, borcumu təqaüdümdən çıxırlar. Halbuki heç bir manat da əlavə qazancım yoxdur. Xahiş edirik bizə köməklik edilsin".
Gəncə sakini Anar Gəray oğlu Bağırov da rəsmi qurumların fəaliyyətindən narazıdır: "Raket mənim evimdən cəmi 10 metr aralı düşüb. Vəziyyətimiz acınacaqlıdır. Bizə heç kim dəqiq bir şey demir. Hərə bir söz danışır. O bunun, bu onun üstünə göndərir. Amma əməl edən yoxdur".
 
 
Anar Bağırov deyir ki, məmurlar onların problemlərinə etinasız yanaşırlar: "Bizimlə yetim kimi, hətta heç yoxmuşuq kimi davranırlar. Bəs biz dərdimizi kimə deyək? Evimin şəkli sosial şəbəkələrdə də paylaşılıb. Bizi aldatdılar, başımızın altına yastıq qoydular. Nə bilərdik belə olacaq? Bizə yaxınlaşan, bir düz söz deyən yoxdu. Qalmışıq belə. Sığınacaqda qalırıq, adam bezir belə yaşayışdan. Biz neyləyək indi? Ümid edirəm ki, şikayətlərimiz cənab prezidentə çatacaq".
 
 
 
Prezident İlham Əliyevin müharibə zamanı mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı dekabrın 14-də imzaladağı sərəncama görə, bərpa işləri üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 2 920 500 manat vəsait ayrılıb. 
 
Dekabrın 17-də isə Nazirlər Kabineti həmin sərəncamın icrasıyla bağlı qərar qəbul edib. 
Prezidentin sərəncamında evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə ilkin mərhələdə 3 milyon 151 min 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.
Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin edilməli, bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa olunmalıdır.
 
 
Sakinlərin şikayətinə münasibətini öyrənmək istədiyimiz Gəncə İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
 
Fövqəladə Hallar Nazirliyindən də münasibət öyrənə bilmədik - növbətçinin ictimaiyyətlə əlaqələrdən məsul əməkdaş kimi təqdim edib telefon nömərsini verdiyi Gülçin xanım dəstəyi qaldırmadı.

Facebook