Erkin Qədirli: Məndən siyasətçi çıxmaz

ReAL İdarə Heyətinin üzvü yenidən hüquq sahəsinə qayıtmağı düşünür

ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli siyasətdən uzaqlaşıb, təkrar hüquqa qayıdacağını deyir. O, bu barədə “Facebook” səhifəsində paylaşım edib. İxtisasca hüquqşünas olan Erkin Qədirli fikrinin belə əsaslandırıb:

“BDU-da müəllim kimi işlədiyim illərdə tələbələrimə bunu deyirdim: “Bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur”. Mən siyasətə girəndən sonra keçmiş tələbələrim mənə bu sözlərimi ara-sıra xatırladırlar, yanaşmamda dəyişikliyin olub-olmadığını soruşurlar. Yanaşmamda heç bir dəyişiklik olmayıb. Sözümün üstündə qalıram. Bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Öz təcrübəmdə bunu çox aydın gördüm. Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir - məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram - dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.

Erkin Qədirli deyir ki, hüquqşünasların oktyabrın 17-də keçirdiyi toplantıya qatılandan sonra anlayıb ki, hüquqdan çox uzaq düşüb və darıxıb: 

“Ağlınıza başqa nəsə gəlməsin. Hər şey yaxşıdır, tələsən yerimiz yoxdur! Səhifəmdə yazmağı davam edəcəyəm, siyasətə daha çox maarifçi yanaşacağam. Bir daha deyirəm, ReAl-dan getmirəm. Mən ReAl-ın qurucularından biriyəm. ReAl mənim üçün çox doğmadır, oradakı insanları özümə yoldaş (eyni yolla gedənlər) sayıram. Bəzilərilə yaxın dostam. Mən inandığım dəyərlərə və qazandığım dostlara sadiq adamam. Hər şeyi atıb getdiyimi düşünənməyinizə gərək yoxdur. Heç zaman ReAl-a siyasi karyera fürsəti kimi baxmamışam. Heç zaman heç bir vəzifədə gözüm olmayıb. ReAl-da iki yüksək vəzifədən getmişəm. Mən hər zaman ReAl-ı düşünür, onun uğuru üçün çalışıram. ReAl yenicə qurulanda mən, İlqar Məmmədovla birlikdə, həmsədr vəzifəsində oldum. Sonra gördüm ki, bayırdan (iqtidardan və müxalifətdən) İlqarla mənim aramı vurmağa çalışırlar. İlqarı mənə, məni də İlqara pisləyirlər. Hər zaman olduğu kimi, onda da sistemli düşündüm. Anladım ki, problem sistemdədir - nə qədər ki, həmsədrlik olacaq, bayırdan içimizdə intriqa salmaq istəyənlər də olacaq. Unutmayın, problem şəxsiyyətlərdə deyil, fürsətlər sistemində olur. Sistemi elə qurmaq gərəkdir ki, şəxsiyyətlərin keyfiyyətləri işin keyfiyyətinə təsir göstərməsin, ya da bunun riski mümkün qədər az olsun. Daha sonra mən Məclis Başqanlığından getdim. Etdiyim bir yanlışa görə çıxarıldım. Özümü düşünsəydim, kobud yanlışa görə yüksək vəzifədən çıxarılandan sonra təşkilatdan da gedərdim”. 

Özünü vəzifə adamı saymayan Erkin Qədirli siyasəti "nəticə axtarışı" kimi gördüyünü deyir: 

“Düşündüklərimi özüm deyil, başqaları yerinə yetirəndə də razı qalıram. Təki düşündüyüm və istədiyim nəticə alınsın. Bunun üçün mənə vəzifə gərək deyil.

Mən, ümumiyyətlə, vəzifə adamı deyiləm. Güclü və zəif tərəflərimi yaxşı bilirəm. Heç bir vəzifə mənim güclü tərəfimi daha da güclü edəsi deyil. Amma istənilən vəzifə mənim zəif tərəflərimi daha da zəif edəcək. Nəticədə, bir tək mən deyil, ReAl da zəifləyəcək. Vəzifə mənə darıxdırıcı gəlir, düşüncələrimi sıxır. Mənim davranışlarım intizamsız ola bilir, amma düşüncələrimdə intizamlıyam. Düşüncə intizamı düşüncələrin yekunda doğru olacağına heç bir zəmanət vermir. Burasını yanlış anlamayın. Dediyim odur ki, düşündücələrimdə (onların bəziləri yanlış ola bilsə də) ardıcıl oluram (daxili məntiqi pozmuram, arqumentsiz qoymuram). İstənilən vəzifə mənə bu işdə mane olasıdır”.

Erkin Qədirli 1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarda ekspert kimi fəaliyyət göstərib.

1998-ci ildə (15 iyun - 17 iyul) Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada (İtalia) keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub.

1999-cu ildə Max-Planck İnstitutu (Almaniya) tərəfindən nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" ("Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi") kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) Hərəkatının həmtəsisçisidir.

Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Konstitusiya qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz olub. ReAL hesab edir ki, bu qadağanın ləğvi bir şəxsə siyasi hakimiyyəti zəbt etmək imkanı verib və cümhuriyyət təməllərini zədələyib. Hərəkatın əsas məqsədi – cümhuriyyətin bərpasıdır.

Hərəkat kimi yaranan ReAL artıq partiyalaşmağa doğru gedir. Partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub. Oktyabrın 29-da partiyanın qurultayı keçiriləcək. ReAL Hərəkatının sədri hazırda həbsdə olan İlqar Məmmədovdur. İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılması ilə bağlı qərar verib. Azərbaycan hökuməti qərarı icra etmir. Avropa Şurası Nazirlər Kabineti qərar icra olunmazsa, Azərbaycana qarşı sanksiya tətbiq olunacağını gündəmə gətirib.