Enerji içkiləri ilə bağlı yeni qaydalar müəyyənləşib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib.
 
Bu barədə Agentliyin rəsmi saytında məlumat verilib.
 
Bildirilir ki, Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.
 
Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral  nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.
 
Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün  "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.
 
"Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. 
 
"Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar  təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.