Emin Hüseynov: Mənim təkidlərimdən sonra Mehman...

«Mənim təkidlərimdən sonra Mehman su qəbul etdi...».

 

«Turan» agentliyinin xəbərinə görə, bunu həbsdə yeni ittihamla üzləşən və buna görə aclıq aksiyasına başladığını açıqlayan bloqqer Mehman Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov deyib.

 

Dekabrın 30-da M.Hüseynovla telefonla danışdığını bildirən Emin Hüseynovun vurğulamasına görə, bloqqer yemək yemir.

 

«Biz telefonla danışdıq. Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Təkidli tələblərimdən sonra o, quru aclığı dayandırdı və yalnız maye qəbul etməyə başladı. Sonrakı günlər orqanizmdə geriyə dönməz proseslər baş verər və onun həyatını xilas etmək mümkün olmazdı. Onu maye qəbul etməyə razı saldım», - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru E.Hüseynov deyib.

 

E.Hüseynov qardaşına açılmış yeni cinayət işini «görünməmiş özbaşınalıq, hüquq və ifadə azadlığının ələ salınması» adlandırıb.

 

E.Hüseynovun bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

 

«Mehmanın sağlamlıq durumu çox ağırdır. O qida və sudan imtina edir. Dekabrın 30-da evə zəng etmişdi. Dedim, heç olmazsa, su iç. Mehman xahişimi qəbul etmədi. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər…».

 

«Turan» agentliyinin xəbərinə görə, bunu bloqqer M.Hüseynovun atası Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

 

R.Hüseynov yanvarın 1-də oğluna baş çəkməkdən ötrü təcridxanaya gedəcəyini bildirib.

 

Penitensiar Xidmətdən isə, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

 

«14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynov dekabrın 30-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb».

 

Bunu vəkil Şəhla Hümbətova M.Hüseynovun qardaşı, mühacirətdə olan, hüquq müdafiəçisi Emin Hüseynova istinadən bildirib.

 

Vəkil vurğulayıb ki, qardaşının sözlərinə görə, dekabrın 30-u M.Hüseynovun səhhətiylə bağlı həkim çağırılıb, ona iynələr vurulub.

 

«Bayram günləridir deyə, cəzaçəkmə müəssisəsinə buraxılış yoxdur. Ona görə də vurulan iynələrin nə iynələr olduğunu bayramdan sonra yanına getdikdə öyrənə biləcəyəm. Mehmanın ayağında da problem var idi...», - vəkil bildirib.

 

Vəkil Ş.Hümbətova özü M.Hüseynovla dekabrın 28-də görüşmüşdü. Vəkilin deməsinə görə, cərimə təcridxanasına salınan bloqqer yeni ittihamla üzləşməsinə və başqa son günlər baş verənlərə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Ş.Hümbətovanın deməsinə görə, bloqqer yeni ittihamı da qurama sayır.

 

Vəkilin qardaşına istinadən M.Hüseynovun Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi və ona iynələr vurulması ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

 

Amma «Turan» agentliyi dekabrın 28-da M.Hüseynovun aclıq aksiyasına başlaması haqqında deyilənlərə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovdan da münasibət almışdı. O yalnız bunları demişdi: «Aclıq edən şəxs digər məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda, qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa, qanuni tədbirlər görüləcək».

 

Rəsmi məlumata görə, bloqqerə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.

 

Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar maddədən bəhs ediblər. «Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir», -deyə vəkili Ş.Hümbətova bildirib.

 

Xatırlatma

 

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

 

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

 

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.