Elm və təhsilə, sosial sahəyə ayrılan xərclər kəsilir

Elm və təhsilə, sosial sahəyə ayrılan xərclər kəsilir

Milli Məclisdə yeni büdcə müzakirələri sosial, təhsil və elm sahələrinə ayrılan xərclərin ixtisarı ilə bitdi. Layihədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə təklif edilən əlavə və düzəlişlərə görə, il ərzində əmək pensiyalarının ödənilməsi xərclərinin 26,769 milyon manat azaldılması nəzərdə tutulur. Həmçinin, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmində azalmalar təklif olunub. 

Deputatlar bildiriblər ki, bu azalmaların hansı səbəbdən baş verməsi ilə bağlı izahat yoxdur. Bu barədə Milli Məclisə məlumat verilməyib. Buna baxmayaraq, səs çoxluğu ilə yeni büdcə layihəsi parlament mərhələsini arxada qoyub. 

2020-ci il ərzində büdcədə təhsil xərclərinin 120 milyon, elm xərclərinin isə 6 milyon manat azaldılması nəzərdə tutulub. Qüvvədə olan layihədə təhsil xərclərinin həcmi 3 milyard 155 milyon 797 min 681 manat müəyyənləşmışdi.

Elm xərcləri də 193 milyon 662 min 887 manat miqdarında təsdiqlənmişdi. Yeni layihədə elmə ayrılan xərclər 187 milyon 317 min 72 manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat göstərilib.

Müqayisə üçün xatırladaq ki, Gürcüstanda tədris ili başlayana qədər 17 yaşına qədər uşağı olan bütün ailələrə hər uşağa görə 200 lari (110 manat) birdəfəlik yardım veriləcək. Bundan başqa, sosial müdafiəsiz və 150 000 sosial reytinq balına sahib olan bütün tələbələrin 2020-2021 tədris ilində təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Milli Məclisdə də tələbələrə təhsil haqlarında güzəştlər edilməsi təklif olunub. Qənirə Paşayeva bu barədə deyib: “Belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərlə görüşlərdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını təkbaşına böyüdən analar var, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdəndə çətin vəziyyətdə olan ailələrə tələbələrin neçənci kursda oxumasından asılı olmayaraq, dəstək göstərilsin, onlara təhsil haqlarında güzəştlər olunsun”.

Sabir Rüstəmxanlı isə təhsil xərclərinin 120 milyon manat azaldılmasına etiraz edib. O, hesab edir ki, həmin vəsaiti müəllimlər, məktəb tikintisi və ya təmiri üçün də istifadə etmək olardı: “Məncə bütün hallarda təhsildə qənaət doğru deyil və təhsil həmişə yüksək səviyyədə qalmalıdır. Fikrimcə, qənaət hər yerdə, bütün sahələrdə lazımdır, bircə təhsildən başqa”.

Yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmində azalmalar da narazılıq doğurub. Tahir Kərimli çıxışında bildirib ki, “uşaqpulu”nun verilməsi Qarabağ məsələsi kimi vacib bir məsələdir: “Gedib, sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulu istəyir. 18 yaşı olan kimi, çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir”.

T. Kərimli deyib ki, ən kasıb ölkələrdə belə “uşaqpulu” verilir: “Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. “Uşaqpulu” verilsəydi, daha yaxşı olardı. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq”.

Deputat Vüqar Bayramov isə layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26,769 milyon manat azaldılmasını tənqid edib. O qeyd edib ki, bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var. Deputat həmçinin vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə alsaq, qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir: “Eyni zamanda, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var”.

Deputatların təkliflərinin hökumət tərəfindən nəzərə alınıb-alınmayacağı məlum deyil. Təcrübə göstərir ki, Milli Məclisdə büdcə müzakirələri zamanı hökumətin təklif etdiyi layihələr cüzi dəyişikliklərlə qəbul olunur. Millət vəkillərinin müxtəlif sahələrlə bağlı təklifləri elə təklif olaraq qalır. Hökumət cəmiyyətdən gələn rəy və təkliflərə, müraciətlərə də bağlıdır. Pandemiya dövründə vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin çoxsaylı müraciət və təkliflərinin havada qalması hökumətin ictimai rəylə hesablaşmamasının bariz sübutudur. 

İndi büdcə zərfində təhsil, elm və sosial xərclərin kəsilməsinə etirazlar var və sosial şəbəkələrdən görünür ki, ictimaiyyət də buna qarşıdır. Amma nəsə dəyişəcəkmi? Çətin…

Facebook