Elektrik qatarlarında yeni ödəniş sistemi tətbiq olunacaq

Azərbaycanda elektrik qatarlarında elektron gediş kartları tətbiq olunacaq.
 
Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender elan edib.
 
Tender iki lotdan ibarətdir. 1-ci lot elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqların, 2-ci lot isə elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması ilə bağlıdır.
 
Elektron gediş kartlarının tətbiqindən sonra elektrik qatarlarından istifadə edən sərnişinlər gediş haqlarını elektron kart vasitəsilə ödəyəcək. Bunun üçün “Azərbaycan Dəmir Yolları”nın öz kartları olacaq.
 
Dəmir yol stansiyalarında elektron karta vəsait yükləmək üçün cihazlar quraşdırılacaq. Kartın balansından vəsait isə sərnişinin getdiyi məsafəyə uyğun çıxılacaq.