Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi

Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edildi

Vəkillər Kollegiyası vəkilə töhmət də verdi

Vəkil Elçin Sadıqov artıq fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib. E.Sadıqova həmçinin töhmət verilib. Bu barədə vəkil özü məlumat verib və baş verənləri repressiya kimi qiymətləndirib.

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir. Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır", - deyə E.Sadıqov bildirib.

Töhmətə gəlincə, E.Sadıqov vaxtilə hüquqlarını müdafiə etdiyi əcnəbiyə görə cəzalandırılıb. E.Sadıqov 2019-cu ildə həmin əcnəbi haqqında çıxarılan deportasiya qərarını ləğv etdirib, bu ilin yanvarında isə onun Azərbaycanda bir illik yaşayışı üçün icazə almışdı.

Gürcüstan vətəndaşı olan Janashia Leila sonradan E.Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib, nəticədə vəkilin barəsində intizam icraatı başlayıb.

O həmçinin vəkildən məhkəməyə və prokurorluğa şikayət edib. Yasamal Rayon Prokurorluğu vəkilin əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Səbail Rayon Məhkəməsi də iddianı rədd edib.

"Buna baxmayaraq, bu gün qanunsuz şəkildə, hüququn aliliyi prinsipinə zidd olaraq, mənə töhmət elan edildi. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, mən müqaviləni 17 may 2019-cu ildə bağladığım halda, orderin tarixini 14 may 2019-cu il göstərmişəm. Halbuki, məndə olan kötük sənəddən görünür ki, həmin order 17 may 2019-cu ildə verilib. Tərəf etibarnaməni mənə 14 may 2019-cu il tarixdə verib. Janashianın işi uğurla bitəndən sonra, onun rəfiqəsi mənə öz razılığım olmadan, digər şəxslərlə birlikdə etibarnamə verib. Amma mən onlarla müqavilə bağlamaqdan imtina etmişəm. Onların özü də bu barədə izahat veriblər ki, Elçin Sadıqov onlarla müqavilə bağlamaqdan imtina edib. Məhkəmənin qətnaməsi və cinayət işi başlanmasının rədd edilməsi barədə prokurorluğun qərarı qüvədə olduğu halda, Vəkillər Kollegiyasının Rəyasət Heyəti sırf məni cəzalandırmaq üçün Elçin Qəmbərovu bu işə qoşaraq, mənə qarşı repressiya həyata keçirir", - E.Sadıqov belə deyir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olan Elçin Qəmbərovun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. O, 2014-cü ildə həbs olunan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun vəkili idi. L.Yunusun şəxsi və gizli məktublarını sonradan kitab şəklində çap etmişdi.

E.Sadıqov deyir ki, onunla bağlı intizam icraatı başlananda Vəkillər Kollegiyasının rəhbərliyinə bu şikayətin də, intizam icraatı başlanması haqda qərarın da əsassız olduğunu deyib. Qarşı tərəf ondan bu məsələni ictimailəşdirməməsini istəyib: "Məndən xahiş olunmuşdu ki, bu məsələni ictimailəşdirməyim, vəkil ailəsi çərçivəsində həll olunacaq. Bu da həll..."

E.Sadıqov bugünlərdə 17 günlük aclıq aksiyasından sonra ev dustaqlığına buraxılan siyasi fəal Tofiq Yaqublu da daxil olmaqla, xeyli ictimai-siyasi şəxslərin hüquqlarını müdafiə edir.

Facebook