Elçin Sadıqov barəsində verilən şikayətlə tanış olub

Bu gün, sentyabrın 17-də vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ondan verilən şikayətlə tanış olub.
 
E.Sadıqovun sözlərinə görə, Baş prokurorun müavini Rüstəm Usubovun ondan Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı bu qurumun sədri Anar Bağırovla görüşüb.
 
Bu barədə Elçin Sadıqov Operativ.tv-yə açıqlamasında bildirib.
 
Vəkil həmin görüşlə bağlı açıqlamasında vurğulayıb ki, ona qarşı prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır: "Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir. 10 ildən çoxdur, vəkillik fəaliyyəti ilə məşğulam. Vəkil fəaliyyətimdə həmişə qanunun aliliyini, vicdanlılığı, dürüstlüyü, ədalətliliyi, dönməzliyi, peşəkarlığı rəhbər tutmuşam. Şərəfli vəkil peşəsinin inkişafı üçün çalışmışam və fəaliyyətimdə vəkil adını yüksək tutmuşam".
 
E.Sadıqov deyib ki, indiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyətindən özünə qarşı hər-hansı qərəz müşahidə etməyib: "Kollegiyanın Rəyasət Heyətinin üzvləri ilə daim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yada salım ki, 2018-ci ildə barəmdə iki intizam icraatı olub. Hər iki işdə şikayətçi qarşı tərəf olub. Həmin şikayətlərdə iddia olunurdu ki, guya, mən onlara qarşı kobud davranmışam, vəkil etikasını pozmuşam. Məhkəmə iclas protokolları ilə təsdiq edilmədiyindən Vəkillər Kollegiyası həmin şikayətlər üzrə açılmış intizam icraatlarına xitam vermişdi".
 
E.Sadıqov bildirib ki, bu gün, sentyabrın 17-da keçirilən görüşdə barəsindəki yeni intizam icraatı barədə söhbət edib: "İcraatın materialları hamıya bəlli olan qərarın mətnindən ibarətdir. Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı barədə qərar verərkən obyektivlik və ədalətlilik nümayiş etdirəcək, vəkilliyin nüfuzuna qarşı olan bu şikayət üzrə intizam icraatına xitam verəcək".