“Elə vaxt olur ki, pensiya kartım aylarla əlimə gəlib çatmır, aptekdən götürüb ərzaq dükanına verirəm...”

“Elə vaxt olur ki, pensiya kartım aylarla əlimə gəlib çatmır, aptekdən götürüb ərzaq dükanına verirəm...”

Goranboy sakini: “Əlilliyimə görə mənə iş vermirlər”

“Dəfələrlə Goranboy Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara həm şifahi, həm də yazılı müraciət eləmişəm. Ancaq elə bil sözün daşa dəyib, öz üstünə qayıdır. İstədiyim odur ki, bir əlil olaraq mənə uyğun işlə təmin etsinlər, güzəştlərdən istifadə edə bilim”.

Goranboy rayon sakini, 62 yaşlı Elbrus Sadıxov 3-cü qrup əlildir. Meydan TV-yə əlilliyin onun həyatına yaratdığı problemlərdən danışır. Deyir, 50 ildir ki, əlildir, ancaq indiyədək dövlətin mənzil, avtomobil, torpaq imtiyazlarından istifadə edə bilməyib. Daha doğrusu, verməyiblər. Deyir ki, hətta ailə həyatı da əlilliyinin qurbanı olub. Ancaq indi yaş 60-ı ötüb, şəraitsiz evdə yaşayır. Bu, həm də tənha bir əlil üçün çox çətindir. Bunun üstünə bir də işsizliyi gələndə durum daha da ağırlaşır.

“Qanundan danışanda üz-gözlərini turşudurlar”

“12 yaşından əliləm. Əlilliyim bundan ibarətdir ki, sol qolum sağ qolumdan 12 santimetr kiçikdir. Bu çatışmazlığa görə 15 yaşından əlillik təqaüdü alıram. Ancaq bu təqaüdlə dolana bilmirəm. Deyirlər, bir qolun o birindən uzundur, sənə nə iş verək, bizdə sənə uyğun iş yoxdur. Məmurlara əlillərin hüquqlarının müdafiəsi haqqında qanundan, Əmək Məcəlləsindən danışanda isə üz-gözlərini turşudurlar. Çoxu məndən soruşur, əlillərlə bağlı qanun var ki? Mən də onlara Prezidentin əlillərlə bağlı imzaladığı qanunları, fərmanları xatırladıram. Bir məmur vardı, dedi, get, qanunu kim çıxardıb, o da sənə iş versin, heç əli-ayağı üstündə olana iş tapılmır, məndə sənə görə iş hardan? Ancaq anlamırlar ki, tək-tənha əlil də başını nə iləsə qatmalıdır bu həyatda... Kiçik bir işim olsa, həm başım qarışar, həm də cüzi pensiyadan asılı vəziyyətdə qalmaram”, - şikayətçi deyir.

“Deyir, ailən dağılıb, biz nağayraq?”

Elbrus Sadıxov deyir, əlilliyinə görə ailəsi dağılıb, indi tənha yaşayır və ona çox çətindir:

“Bu yaxınlarda bir məmurun qəbuluna getmişdim, iş istəyirdim. Deyirəm, ailəm yoxdur, çünki onlara gün ağlaya bilmədim, dağıldı ailəm... Üç övladım çöllərdə qalıb. Özüm də bir sökük damın altında ac qalmışam. Səhhətim ağırlaşan kimi qaçıram qardaşımın, bacımın üstünə... Deyir, sənin ailən dağılıb, bu sənin ailədaxili işindir, biz nağayraq? Deyirəm, ailələrin dağılmasının səbəbkarı birbaşa sizsiniz. Siz ailə başçısını işsiz, maaşsız qoymaqla üzünü ailə yanında üzüqara eləməsəniz, o ailə davamlı olar...”

“Pensiya kartım əlimə çatmır”

Elbrus Sadıxovun sözlərinə görə, 62 yaşı olmasına baxmayaraq, indiyədək dövlət tərəfindən nə mənzillə, nə işlə, nə torpaq sahəsiylə təmin olunub:

“İnsanı ayaqda saxlayan da evdir, işdir, torpaqdır... Bunlar olmayandan sonra hansı rahat həyatdan danışmaq olar? Əlil xəstələnir, gedir pensiya kartını aptekdə qoyub, dərman götürür. Elə vaxt olur ki, pensiya kartım aylarla əlimə gəlib çatmır, aptekdən götürüb ərzaq dükanına verirəm, orda borcum azalan kimi götürüb aptekə qaytarıram... Necə ola bilər ki, yaşayış minimumu 280 manat olduğu halda, mən hələ də 110 manat pensiya alıram? Prezidentin əlillərin təqaüdü ilə bağlı fərmanları, əmrləri nədənsə mənim pensiyama tətbiq olunmayıb. Pensiya Fonduna zəng vururam, deyirlər, narahat olma, artacaq... Bu, əlili ələ salmaqdır”.

Hüquqşünas: “Qanunlarımız var, amma...”

Hüquqşünas Namizəd Səfərov deyir, əlillərin sosial rifahının yaxşılaşdırılması üçün kifayət qədər qanunlarımız var. Ancaq əlillərin giley-güzarından məlum olur ki, bu qanunlar çox vaxt işləmir:

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Bu qanunla hər bir əlilliyi olan şəxsin digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların məşğulluğudur. Belə ki, “Əlillərin işlə təmin olunması kvotası haqqında” qanuna əsasən, bütün idarə və təşkilatlar əmək qabiliyyəti olan əlilləri işlə təmin etməyə məcburdurlar. Qanuna əsasən, müəssisə və təşkilatlarda çalışan işçilərin 3%-ni əlilliyi olan şəxslər təşkil etməlidirlər. Ancaq müəssisə rəhbərləri bu kvotaya əməl etmirlər. Eləcə də əlillərin digər məsələlərdə hüquqları qanunla qorunmalıdır, ancaq gileylərdən görünür ki, əksər hallarda qorunmur”.

Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, mənzil yalnız Qarabağ döyüşlərində əlil olmuş şəxslərə və şəhid olanların ailələrinə verilir. İşsizliklə bağlı isə əlil rayonun Məşğulluq Mərkəzinə müraciət edə bilər. Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon Şöbəsindən isə bildirilib ki, əlil təqaüdü ilə bağlı rəsmi şəkildə Fonda müraciət etsə, araşdırılıb tədbir görülər.

Facebook