Ekologiya və Təbii Sərvətlər Nazirliyi yenidən qurulur

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək fərmanı verib. 
 
AZƏRTAC-ın məlumatına görə, yanvarın 16-da imzalanan fərmanla Ətraf Mühitin Mühafizəsi Departamentinin əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti; Meşələrin İnkişafı Departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Meşələrin İnkişafı Xidməti yaradılır.
 
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Milli Hidrometeorologiya Departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Milli Hidrometeorologiya Xidməti qurulur.
 
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin, Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Bioloji Müxtəlifliyin Qorunması Xidməti təsis olunur.
 
Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir və onun funksiyaları nazirliyin aparatına verilir, həmin agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki nazirliyin tabeliyinə keçir.
 
Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir və onun işçilərinin say həddi daxilində yerli orqanların işçilərinin say həddi artırılır.
 
Dövlət Ekspertiza İdarəsinin əsasında publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır.
 
Nazirlər Kabineti Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını; İqlim Dəyişmələri və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzinin, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin, Geofiziki Ekspedisiyanın, Şərq Geoloji Axtarış Ekspedisiyasının, Qərb Geoloji Axtarış Ekspedisiyasının, Geoloji Planaalma Ekspedisiyasının və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının, Samux Dövlət Ovçuluq Təsərrüfatının, Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini; Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurumun yaradılmasını təmin etməlidir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ləğv edilən dövlət orqanlarında işləyən dövlət qulluqçularının vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməsi və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutması üçün tədbirlər görməlidir.