Düşmən ölkəyə sərmayə qoyan şirkətlər

Ermənistanda, işğal olunmuş Qarabağda qiymətli metalları kimlər və necə istismar edir?

Son dövrlərdə Ermənistan tənəzzülə uğrayan iqtisadiyyatını dirçəltmək üçün özünün qiymətli metallar sahəsinə investisiya qoyuluşunu təşviq etməyə çalışır.

1995-ci ildən etibarən ölkəyə cəlb edilən xarici investorlar ölkənin qiymətli və əlvan metallar sahəsində kəşfiyyat, istismar və istehsal fəaliyyəti həyata keçirsələr də, hökumət və diaspora tərəfindən bu sahəyə yeni şirkətlərin cəlb olunması istiqamətində işlər davam etdirilir.

Hindistanın “KGK Group” konserninin direktor müavini Sancay Kotarinin başçılıq etdiyi nümayəndə heyəti işğalçı ölkəyə səfər etmişdir. Məlumata görə, o, Ermənistanın müvafiq sahələrinə iri investisiya proqramları həyata keçirmək niyyətindədir. Layihənin reallaşacağı təqdirdə, Ermənistan hökuməti şirkətə hərtərəfli dəstək göstəriləcəyini vəd etmişdir.

Ermənistan hökumətindən “KGK Group” rəhbərliyinin nəzərinə çatdırılıb ki, ölkənin Avrasiya İqtisadi İttifaqına üzv olması səbəbindən investisiya qoymaqla şirkət eyni zamanda 170 milyonluq bazara daxil olmuş hesab olunacaq. Əsası 1905-ci ildə qoyulan “KGK Group” konserni qiymətli daşlar və qiymətli metalların istehsalı, eləcə də, satışı sahəsində ixtisaslaşan transmilli şirkətdir. Direktoru Navrattan Kotaridir. O, 50 ildir ki, ailə biznesinə rəhbərlik edir. “KGK Group”-un 12 min nəfər əməkdaşı vardır. Adıçəkilən şirkət ABŞ, Belçika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Botsvana, Çin, Hindistan, İsrail, Yaponiya, Mozambik, Rusiya, Cənubi Afrika, Tailand, Tayvanda almaz, zərgərlik məmulatları, habelə dağ-mədən sənayesi sahələrində fəaliyyət göstərir. Beynəlxalq “Lydian International” konserninin törəmə şirkəti “Geotim” ASC-nin baş direktoru Hayk Aloyan Amulsars qızıl mədəninə baş çəkmişlər. ABŞ-ın Ermənistandakı səfirliyi bu məsələlərə yaxından dəstək verir.

Ermənistanda qiymətli metalların kəşfiyyatı, istismarı və istehsalı ilə məşğul olan digər əsas beynəlxalq şirkətlər bunlardır: “Dundee Precious Metals Inc.” “Global Gold Corporation”, “Cronimet”, “GeoProMining”.

“Dundee Precious Metals Inc.” Kanada şirkətidir. Qafan rayonundakı qızıl mədənlərində iş aparır. Səhmlərin 100 faizinə sahibdir. 2014-cü ildə adıçəkilən yataqdan 29, 935 unsiya qızıl çıxarmışdır. Bundan əlavə, həmin ildə 2, 2 milyon lbs mis, 427, 452 unsiya gümüş, 12, 1 milyon lbs sink istehsal etmişdir. Şirkət Serbiya, Bolqarıstan və Namibiyada da eyni sahədə fəaliyyət göstərir. Korporasiyanı müxtəlif məsələlərdən məsul bir neçə direktor idarə edir: Bunlar Conatan Qudman, Derek Bunteyn, Peter Gilin, Rik Hoves, Murey Con, Ceremy Kinsman, Qers Makrey, Piter Nikson, Antoni Uels və Donald Yanqdır.
“Global Gold Corporation” şirkətinin əsası 1980-ci ildə qoyulmuşdur. 2011-ci ildən baş ofisi Nyu-Yorkda yerləşir. 1990-cı illərin ortalarından Zod, Meqradzor və Araratda qızıl yataqlarının istismarı ilə məşğul olmağa başlamışdır.

Hazırda Toxmanuk, Marjan və Getik yataqlarının istismarı ilə məşğuldur.
2001-ci ildən Çilidə də fəaliyyət göstərir. Santa Kandelariya mis və qızıl yataqları buna misal ola bilər.

“Cronimet” korporasiyası 1980-ci ildə Almaniyanın Karlsru şəhərində təsis edilmişdir. 1990-cı illərin ortalarından etibarən Ermənistanda fəaliyyətə başlamışdır. 2005-ci ildə Zəngəzur Mis Molibden Kombinatının səhmlərinin 60 faizini almışdır. Ümumiyyətlə, dünyada çıxarılan molibdenin 6 faizi bu müəssisənin payına düşür, 3 min nəfər işçisi var və Ermənistan büdcəsinin ən iri vergi ödəyicilərindəndir.

Şirkətin rəhbəri Günter Pilarski 2006-cı ildə ölkə iqtisadiyyatına verdiyi töhfələrdən dolayı, Almaniyanın Baden-Vürtemberq torpağında Ermənistanın fəxri konsulu təyin edilmişdir.
“Lydian International” 2014-cü ilin oktyabr ayında Ermənistan hökumətindən Amulsars qızıl mədənlərində fəaliyyətə başlamaq barədə razılıq almışdır. Bu məqsədlə, qarşıdakı 10 ildə 200 min unsiya qızılın istehsalı planlaşdırır. Layihəyə ilkin olaraq 426 milyon ABŞ dolları sərmayə yatırılmışdır.

Amulsars qızıl mədənləri Yerevandan 170 km. cənubda, Vayots Cor və Sünik rayonlarının sərhədində, Azərbaycanın tarixi Zəngəzur mahalında yerləşir. Hazırda əsas istismar işlərinin aparıldığı Amulsars qızıl mədənlərində təxmini hesablamalara əsasən, 3 milyon unsiya qızıl ehtiyatı mövcuddur. Daha 2 milyon unsiya qızılın olması barədə də ehtimallar vardır.
Adıçəkilən şirkət bu sahədə Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

1996-cı ildə Britaniyanın təsiri sayəsində Ermənistanın baş naziri vəzifəsinə təyin olunan, hazırda Ermənistan prezidenti olan A.Sarkisyan bunun qarşılığında İngiltərənin maraqlarını müdafiə etmiş, Britaniya kral ailəsi ilə daha da yaxınlaşmaq üçün şahzadə Çarlza Amulsars qızıl mədənlərini hədiyyə etmək istəmişdi. Lakin müəyyən səbəblərdən bu baş tutmayıb.
“GeoProMining” şirkəti Rusiya və Ermənistanda fəaliyyət göstərir. Rəhbəri Siman Povarenkindir. Ermənistandakı “Ararat” qızılçıxarma zavodunda “Albion” texnoloji blokun açılışına prezident S.Sarkisyanla yanaşı Rusiyadan gəlmiş yüksək vəzifəli şəxslər da qatılmışlar. Şirkətin Zod yatağı və “Ararat” zavodunun yenilənməsinə yatırdığı məbləğin həcmi 140 milyon ABŞ dollarına bərabərdir. Zod və Ararat rayonlarındakı qızıl mədənlərində qiymətli və əlvan metalların çıxarılması ilə məşğuldur.

bizim yol