Düşmən ocaq başındadı?

Əvvəlcə, nabələd oxucular üçün kiçik arayış.
Bu il fevralda Lapşin adlı bir bloqçu Belarusda həbs edilib Azərbaycana gətirildi. O, dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilirdi.
Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və budəfəki səfəri barədə bloqunda yazıb.

*
İndi keçək əsas məsələyə. Bloqçu Lapşin bir neçə gün əvvəl qəfildən, qəribə formada əfv edildi. Qəribəlik onda idi ki, bir qayda olaraq əfv fərmanları əlamətdar günlərdə verilir və adətən bir yox, azı 50 nəfər bu fərmanda düşür. Düzdü, prosedur kimi burda qüsur yoxdur. Lakin, gəlin razılaşaq ki, bu fərman da elə belə ortaya çıxmayıb. İndi deyirlər, bunu İsrail təkid edib. Ola bilər. Ancaq görün təzyiq, təkid hansı formada olub ki, Əliyev “bir az gözləyin qabaqdan bayramlar gəlir, onda buraxaram” da deyə bilməyib.

*
Əfvdən dərhal sonra dövriyyəyə xəbər buraxdılar ki, bir gün əvvəl Lapşin türmədə intihara təşəbbüs göstərib, lakin sayıq “nadzor”lar onu ölümün cəngindən qurtarıb. Lapşinin əfv olması, intihara əl atması barədə şəxs olaraq kim danışsa yaxşıdır? Fuad Ələsgərov!
Danışdı deyəndə ki, danışmayıb, özü bir müsahibə düzəldib, “Azərtac” vasitəsi ilə yayımlatdı. Fuad Ələsgərov uzun illərdir, siyasi məhbusların sayının artmasında xüsusi “zəhməti” olan şəxs kimi tanınır və onun Lapşinə görə müsahibə yazması az sonra toxunacağımız məqama görə ayrıca diqqətə layiqdir.
Yeri gəlmişkən, Fuad müəllim müsahibəsinin belə özünə müraciətlə yazmışdı: ”Hörmətli Fuad müəllim…” Açığı, bu yeni təzahürdü, bizim bir çox məmurlar özü-özündən müsahibə alır, amma birinci dəfədir görürdüm ki, adam özünə “hörmətli filankəs” deyə xitab eləsin. Başqaları xəsislik edib belə lütfkar ifadələri adama qıymayanda insan özünə bu kimi sözləri deyə bilər. Buna “özünəinam təmrinləri” deyirlər. Ancaq belə şeyi publika önündə yox, təklikdə etmək lazımdır. Mövzudan uzaqlaşmayaq.
*
Azadlığa çıxan Lapşin indi İsraildədir. Ora çatar-çatmaz sensasion sayılacaq bir bloq yazısı ilə çıxış etdi (məqalə ilə burdan tanış ol http://bit.ly/2vZhX6v). Məqalədə Lapşin onun intihara təşəbbüs göstərməsi ilə bağlı rəsmi ittihamları yalanlayır. Deyir əksinə, onu türmədə qaramaskalılar öldürmək istəyiblər.
Sitat: “İnanıram ki, qatillər ya qorxurdular, ya da məqsədləri daha çox Əliyevin Azərbaycandakı hakimiyyətini gözdən salmağa yönəlmişdi. Mənim Bakı həbsxanasındakı ölümüm prezident Əliyevin ən yaxın dairəsindən bir sıra insanlara faydalı olardı. O adamlar ki, onun artıq istirahətə getmək vaxtının çatdığına inanırlar”.
Lapşin nə qədər düz, səhv deyir, bunu biz bilmərik. Ancaq bu andan gözümə İlham Əliyevin “könüllü” məddahlarının ictimai rəyi növbəti illuziya ilə boğmaq üçün dövriyyəyə atdığı fikirlər dəydi. Təxminən belə deyirlər: “Bax, görürsünüzmü, hakimiyyətin içində İlham Əliyevi istəməyən, xüsusən Rusiyaya bağlı insanlar var. Onlar belə-belə xatakar işlər görüb prezidenti gözdən salmaq istəyirlər. Ancaq prezident də məsələdən xəbər tutan kimi tədbir görür”.
Bu və buna oxşar fikirləri ortalığa atanlar gərək çox ehtiyatlı olsunlar. Qaş düzəldilən yerdə gözün çıxma ehtimalı var.
Birincisi: Lapşinin dedikləri də, onun dediklərini İlham Əliyevin xeyrinə yozanlar da doğru deyirlərsə, demək Azərbaycan hakimiyyətində fəlakətli bir durum var.
Bu o deməkdir ki, hakimiyyətin daxilində beynəlxalq diqqətdə olan bir əcnəbi jurnalisti qapalı türməyə girib şil-küt etməyə cəsarət edən şəxs, qüvvə var! Özü də işə bax, o adamlar İlham Əliyevi “təqaüdə yola salmaq” fikrindədirlər. Daha irəli getsək, bu qüvvə (şəxs) gizlin deyil, ən azı Lapşin hadisəsindən sonra gizlin deyil. İlham Əliyev onu tanıyır. Tanıyır, amma cəzalandıra bilmir (bu günlərdə hansısa məmurun cəzalandığını eşitməmişik). Qorxunc bir hekayət!
İndi isə Lapşinin dediklərindən yola çıxıb versiyalar qurula bilər. İlham Əliyevin iradəsindən kənar Lapşini türmədə kim cəzalandıra bilər? Bu suala cavab tapmazdan əvvəl, xatırlatmalıyıq ki, türmə “20 yanvar” dairəsi deyil ki, kimsə kefi istəyən vaxt ora gedib kimləsə haqq- hesab çəksin. Bizim praktikada türməyə qanunsuz girişlər, əlbəttə, olub. Bunların hamısı da əsasən köhnə MTN vasitəsi ilə edilib. Eldar Mahmudov hakimiyyətdən aldığı mandat hesabına öz tabeliyində olmayan cəzaçəkmə müəssisələrində, izolyatorlarda məhkumlara cəza verə, onları müxtəlif çirkin işlərə cəlb edə bilib. Eldarın xələfi Mədət Quliyevdir. Onun siyasi ambisiyası gözə dəymir, hakim ailəyə bağlılığı da hələ ki, şübhə doğurmur, ona görə Lapşinin versiya üzrə onun nəsə planlaşdırdığı demək çətindir.
Bəs Fuad Əlsəgərov?! Ələsgərovun siyasi ambisiyası var. Hətta bir aralar ona bağlı şəxslər əl altından onun haqqında post- Əliyev dövrünün Saakaşvilisi kimi təbliğat tezisləri yayırdılar. Ələsgərovun yuxarıda xatırladığımız müsahibəsi bütün sadalananları gözdən keçirdikdən sonra adamın barmağını dişləməyə məcbur edir. Ancaq, Fuad Ələsgərovun bu cür skandal addım atması üçün hakimiyyət daxilində qarşıdurma bizim təsəvvür elədiyimizdən də şiddətli olmalıdır. Hətta o səviyyədə ki, əlahəzrətin müqəddəratının həll olunması bu gün- sabahlıq iş sayılsın.

Qalır, “türmə” naziri Fikrət Məmmədov. O da İlham müəllimin qan qohumudur. Lapşinin versiyasını İlham Əliyevin xeyrinə yozanlar, nəzərlərin Fikrət Məmmədova dikildiyindən xəbərdardılarmı?
*
Bütün bunlar hamısı versiyalardı və onlar hakimiyyət Lapşinin döyülmədiyi barədə təkzibolunmaz, inandırıcı dəlilləri ortaya qoyana qədər yaşamağa haqq edir.
Lapşinin türmədə, adını çəkmək istəmədiyim şəxsin göstərişi ilə döyülməsi, gəlin razılaşaq ki, ən ağlabatan versiya olardı. Amma nə qədər can yiyəsi o adı çəkmir, biz niyə çəkib özümüzü pis edirik.