Dünya Azərbaycan əsgərinin Şuşadakı döyüşündən danışır

Dünya Azərbaycan əsgərinin Şuşadakı döyüşündən danışır

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və şücaət xarici mətbuatda da gündəm olub.

Rakurs.tv xəbər verir ki, bir çox xarici hərbi ekspertlər mühüm hərbi strateji önəmə sahib Şuşa şəhərinin Azərbaycan ordusunun xüsusi təyinatlıları tərəfindən hərbi texnikasız və demək olar ki əlbəyaxa döyüşlə alınması haqqında fikirləri bu döyüşün hərb tarixində müstəsna yer tutacağını göstərir. 

Şuşa praktik olaraq əlbəyaxa döyüşlərdə, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan azad edilib.

 

Fransız Le Monde qəzetinin Xankəndidəki müxbirlərinin verdiyi məlumata görə, şəhərə gətirilən yaralılar əsasən tapança gülləsi və bıçaq xəsarətləri alıb. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlərlə azad olunub. Yəni döyüşlərdə dağ xüsusi təyinatlıları iştirak edib. Üstəlik, azərbaycanlılar yaralıları və ölənləri döyüş meydanında qoymayıb, hücum zamanı dağa qalxarkən onları da qalaya daşıyıb.

Dağlıq Qarabağdakı döyüş əməliyyatlarını izləyən tanınmış ukraynalı hərbi ekspert Aleksey Arestoviç özünün feysbuk səhifəsində Azərbaycanın Şuşa şəhərini erməni işğalından azad etməsi ilə əlaqədar yazıb:

"Azərbaycan Qarabağın qədim paytaxtı, böyük simvolik əhəmiyyətə malik Şuşa şəhərini geri qaytardı. İsraillilər kimi, azərbaycanlılar üçün də bu hadisə 1967-ci ildə Qərbi Divarına çıxmaq, vətənə qayıtmaq, tarixə qayıtmaqdır.

Piyada döyüşü ilə, daşınabilən sursatla, duman içində, əlverişsiz hava şəraitində dağlardan keçərək. Bu da "hər şey pilotsuz təyyarələrlə edildi" deyənlər üçün".

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Ordusunun gücünü Fransanın “Figaro” qəzetinə müsahibəsində "Ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir" fikri ilə bəyan etmişdi.

Facebook