DTX-nin həbs etdiyi sabiq məmur bu vəzifələrində QALIR

DTX-nin həbs etdiyi sabiq məmur bu vəzifələrində QALIR

Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də İttifaqdakı vəzifələrində qalmasına münasibət bildirib.

İttifaqın İdarə heyətinin sədri Elbay Qasımzadə Report-a açıqlamasında bildirib ki, F.Mollazadə həmin qurumdakı vəzifələrində qalır:

"Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi vəzifəsində qalır. Çünki istintaq hələ yekunlaşmayıb. Bəlkə, istintaqın nəticəsində deyəcəklər ki, bu adamın heç bir günahı yoxdur”.

 

 

F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi, 2017-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 1-ci katibidir.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının üzvü vəzifəsində də qalır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatla XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə həbs olunub. F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda ittiham olunur.

Facebook