Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq Əfqan Muxtarlı ilə bağlı birgə məlumat yaydı

''Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir''

“Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb”.

Bu fikirlər Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin jurnalist Əfqan Muxtarlının həbsi barədə birgə məlumatında yer alıb.

Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Yaxınlarının və eləcə də Əfqan Muxtarlının özünün dediyinə görə, mayın 29-da, axşam saat 19 radələrində evinin yaxınlığında bir qrup naməlum şəxs tərəfindən zorla maşına mindirilərək aparılıb. Hadisə zamanı ona qarşı fiziki zor tətbiq olunub. Əfqan Muxtarlı ona hücum edən şəxslərin gürcü dilində danışdığını, sonradan onun azərbaycanlılara təhvil verildiyini deyir. Vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı deyib ki, sərhədi sənədsiz keçirilib və bundan sonra onun cibinə xarici valyuta qoyulub. 

Həyat yoldaşı Leyla Mustafayeva Əfqan Muxtarlının xarici pasportunun Tbilisidəki mənzilində olduğunu bildirir. 

İnsan hüquqları təşkilatları baş vermiş hadisəyə görə rəsmi Bakını və Gürcüstan hökumətini qınayır.