Dövlət ittihamçısı Əziz Orucovun 7 il azadlıqdan məhrum edilməsini istədi

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkili Cavad Cavadov, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. O öz çıxışında Əziz Orucovun məsuliyyətini yüngülləşdirən halların mövcud olmadığını bildirərərək, jurnalistin 7 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Dövlət ittihamçısının çıxışı ilə razı olmadığını qeyd edən vəkil Cavad Cavadov müdafiə çıxışı üçün vaxt istəyib. Hakim növbəti prosesin 12 dekabr saat 10:30-da davam edəcəyini élan edib.
Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində onun haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.