Dövlət ittihamçısı Əli Kərimlinin köməkçisinə iş istədi - Video

İyulun 19-da AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Səbail rayon Məhkəməsində keçirilən prosesə hakim Aytən Əliyeva sədrlik edib.

Məhkəmə prosesində F. Əmirlinin özü və vəkilləri Fəxrəddin Mehdiyev, Aqil Layıcov, iddiaçının nümayəndəsi Elçin İsayev, dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə tərəfinin vəkilləri vəsatət verərək, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini və aşağıdakı suallara cavab verilməsini istəyiblər:

“1.Mətbuat yayımları qəzetin satış qiymətinin 35 faizini xidmət haqqı kimi özlərində saxlanılmışdır, bu hallar nəzərə alınmaqla vegi borcu nə qədər olmuşdur?

2. 2014-cü ilə qədər “Qasid” ASC-nin “Azadlıq” qəzetinə 70 000 manat məbləğində borcu mövcud olmuşdur. Mətbuat yayımının həmin borcu qəzetin vergi borcunu istisna edirmi?”.

Daha sonra müdafiə vəkilləri növbəti vəsatətlə çıxış edib. Onlar cinayət işinin materiallarında və ittiham aktında DTX tərəfindən hazırda həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin yaşadığı ünvanda 18.08.2016-cı il tarixdə keçirilən baxış zamanı rəsmi Ankaranın terrorçuluqda ittiham etdiyi Fətullah Gülənə aid “Hizmət” hərəkatının rəhbəri adlandırılan 7 nəfərin, o cümlədən Faiq Əmirlinin adı və telefon nömrəsi yazılmış siyahının aşkar edildiyinin göstərildiyini, lakin ibtidai istintaqda bu halın araşdırılmadığını, yəni Fuad Əhmədli və Faiq Əmirli üzləşdirilmədiyini bildiriblər. Vəkillər bu səbəblə məhkəmədən Fuad Əhmədlinin dindirilməsini istəyiblər. 

Müşavirədən qayıdan hakim A. Əliyeva vəsatətlərin qəbul olunmadığını elan edib. Vəkillər işin düzgün aparılımadığını və məhkəmənin qərəzli mövqe sərgilədiyini əsas gətirərək məhkəmə tərkibinə etiraz ediblər.

Hakim fasilə elan edib. Fasilədən sonra dövlət ittihamçısı çıxış edərək, Faiq Əmirlinin 4 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Növbəti məhkəmə prosesi 24 iyul saat 11:00-a təyin olunub. 

AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.